“Amazon” əməkdaşların əl hərəkətlərini izləyən qolbaq patentləşdirib

02 Fevral 2018 - 12:00 | Maraqlı məlumatlar
“Amazon” əməkdaşların əl hərəkətlərini izləyən qolbaq patentləşdirib

“Amazon” anbar işçilərinin əl hərəkətlərini izləmək və malın axtarışı zamanı onu yönləndirmək imkanına malik qolbaq patentləşdirib.

“Amazon” şirkətinin iki yeni patentində işçinin anbarda yerini göstərən, həmçinin real zamanda onun əl hərəkətlərini izləyən qolbaq formasında qurğu təsvir edilir. Şirkət tərəfindən patent müraciəti 2016-cı ildə qeydə alınsa da, patent cari ilin yanvar ayında rəsmiləşdirilib.

popmech.ru saytının məlumatına görə, patentlərdə təsvir edilmiş sistem anbarda yerləşdirilən ultrasəs qurğularını, qolbaq və idarəetmə modulunu özündə ehtiva edir. Qolbaqlar əməkdaşın yerinin izlənilməsi üçün istifadə olunan ultrasəs tətbiqi ilə təchiz edilib. Əməkdaşlar uyğun olmayan predmeti götürdükdə qurğu onu səhv barədə xəbərdar edəcək.

“Amazon”un mütəxəssisləri güman edir ki, bu sistem vaxta qənaət etməyə kömək edəcək. Lakin insanın əl hərəkətlərini və ya yerini izləyən qurğunun tətbiqi çətin ki, şirkət əməkdaşlarını qane edəcək.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.