Mayninq üçün ən əlverişli ölkələrin reytinqi təqdim olunub

30 Yanvar 2018 - 11:00 | Maraqlı məlumatlar
Mayninq üçün ən əlverişli ölkələrin reytinqi təqdim olunub

“International Business Times” nəşri 115 ölkədə mayninqin (bitkoinin əldə edilməsi prosesi) gəlirliliyini təhlil edib və reytinq təşkil edib. Tədqiqata əsasən, birinci yerdə Venesuela dayanır. Məhz bu ölkədə bir bitkoinin əldə olunması daha ucuz başa gəlir.

Hesablamalar zamanı bir bitkoinin istehsalı üçün lazım olan elektrik enerjisinə dair orta xərclər götürülüb. Qiymət elektrik istehlakı məşhur mayninq qurğuları – “AntMiner S7”, “S9” və “Avalon 6” ilə hesablanaraq ABŞ dolları ilə götürülüb. Beynəlxalq energetika agentliyi tərəfindən verilmiş məlumatlar müqayisə olunaraq aydınlaşdırılıb ki, bir bitkoinin alınması Venesuelada cəmi 531 dollara başa gəlir.

hi-news.ru saytının məlumatına əsasən, Asiya ölkələri arasında elektrik üçün ən aşağı qiymətin olduğu Hindistanda bir bitkoini 3274 dollar xərcləməklə əldə etmək olar. Çində bu məbləğ 3172 dollar təşkil edir.

ABŞ reytinqdə 4760 dollarla yalnız 41-ci yeri tutub. İslandiya və İsveçrədə bu məbləğ 4746 dollar təşkil edir. Böyük Britaniyada isə demək olar ki, bu rəqəmdən iki dəfə çoxdur. ABŞ-ın şimal qonşusu Kanada isə min dollar qənaət etməyə imkan verə bilər – orada mayninq-fermalar bir bitkoinin əldə olunmasına 3965 dollar xərcləyir.

Cənubi Koreya mayninq üçün ən bahalı ölkələrin reytinqinə liderlik edir. Belə ki, burada bir bitkoinin əldə olunması 26 170 dollara başa gəlir.

Hesablamalara əsasən, Rusiyada bir bitkoinin alınması üçün orta qiymət 4700 dolları ötmür ki, bu da indiki məzənnəyə görə kifayət qədər yaxşı qiymətdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.