DST-yə üzv olan Avropa ölkələrinin əksəriyyətində e-səhiyyə üzrə milli strategiya mövcuddur

26 Yanvar 2018 - 09:57 | Müsahibələr, çıxışlar
DST-yə üzv olan Avropa ölkələrinin əksəriyyətində e-səhiyyə üzrə milli strategiya mövcuddur

Hazırda bütün dünyada səhiyyə sisteminin informasiyalaşdırılması prosesi gedir. Dünya dövlətlərinin yarısından çoxu Dünya Səhiyyə Təşkilatı (DST) və Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən təklif olunan metodikaya əsaslanaraq bu istiqamətdə fəaliyyət göstərir. Məlumdur ki, istənilən beynəlxalq innovativ proqramın konkret ölkədə reallaşdırılması milli xüsusiyyətləri nəzərə alan modelin seçilməsinə əsaslanır. Bu baxımdan elektron tibb sahəsində artıq zəngin dünya təcrübəsi mövcud olmasa da, hər bir ölkənin özünəməxsus modeli hazırlanıb. Bu modellər ölkədəki səhiyyənin inkişaf səviyyəsi, təşkili və maliyyələşdirilməsi prinsiplərindən asılıdır. E-tibb sisteminin yaradılmasında həlledici rol dövlətə məxsusdur. İnformasiya-kommunikasiya texnologiyalarının (İKT) praktiki tibbə tətbiqi dünyanın müxtəlif ölkələrində e-səhiyyənin inkişafı üzrə dövlət proqramları və təşəbbüslərin reallaşdırılmasına əsaslanır. Bu proqram və təşəbbüslərdə elektron sənəd dövriyyəsinin təşkili, vətəndaşa məxsus elektron tibb kartının aktual vəziyyətdə saxlanılması, teletibbin və əhalinin sağlamlıq vəziyyətinin monitorinqi sisteminin inkişafı, İnternet resurslarının yaradılması, göstərilən tibbi xidmətin fərdiləşdirilmiş uçotu və s. nəzərdə tutulur. Məsələn, Avropa Birliyi tərəfindən maliyyələşdirilən “E-səhiyyə üzrə Fəaliyyət Planı 2012–2020: 21-ci əsrin innovativ səhiyyəsi” proqramı milli və transmilli səviyyədə İKT həllərini nəzərdə tutur. ABŞ-da elektron hökumət çərçivəsində “Tibb seqmentinin formalaşması üzrə kompleks proqram” və Kanadada “Vahid e-tibb sisteminin qurulması proqramı” həyata keçirilir. Bu proqramlar çərçivəsində həmin ölkələrdə elektron sağlamlıq pasportu (kartı), fərdiləşdirilmiş tibbi xidmətlər, e-tibbin İKT infrastrukturu, elektron sənəd dövriyyəsi, teletibb, sorğu tipli məlumatlar və təsnifatların vahid reyestrinin yaradılması və s. istiqamətlərdə işlər aparılır. Eyni zamanda, bu ölkələrin hər birində e-tibb sahəsində strategiyalar işlənib və ya hazırlanmaqdadır. Belə ki, DST-nin Avropa regionuna daxil olan 53 üzv ölkəsinin 70 faizində e-səhiyyə üzrə milli siyasət və ya strategiya mövcuddur.

Bu barədə AZƏRTAC-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova məlumat verib.

“Azərbaycanda bu gün tibbin informasiyalaşdırılmasına dair ayrıca konseptual və strateji sənədlər mövcud deyil. Səhiyyənin informasiyalaşdırılması prosesləri “Elektron Azərbaycan (2003–2008-ci illər)”, “Elektron Azərbaycan (2010–2012-ci illər)” Dövlət proqramları əsasında həyata keçirilib. Hazırda “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014–2020-ci illər üçün Milli Strategiya”, “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” və digər konseptual sənədlər əsasında bu proses davam etdirilir.

Bu proqramlar və ayrı-ayrı layihələr çərçivəsində ölkədə elektron sağlamlıq kartının (ESK) (yeni doğulmuş uşaqlara verilir) tətbiqi, nümunəvi tibbi informasiya sistemlərinin (TİS) işlənilməsi, tibbi müayinə kartının onlayn sifarişi, sorğu tipli məlumatlar və təsnifatların reyestrinin yaradılması və s. istiqamətlərdə işlər aparılır.

Azərbaycanda elektron səhiyyənin inkişafı ilə bağlı 2010-cu ilin mayında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nəzdində Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi yaradılıb. Mərkəz əhalinin sağlamlığının monitorinqi üzrə milli mərkəz funksiyalarını və səhiyyə sistemində informasiyalaşdırılma məsələləri üzrə ümumi əlaqələndirmə və nəzarət işini həyata keçirir”, - deyə professor qeyd edib.

O, həmçinin bildirib ki, İKT-nin Azərbaycan tibb sferasına tətbiqi prosesində bir sıra texniki və təşkilati xarakterli problemlər müşahidə olunur. Biznes proseslərinin böyük hissəsinin informasiyalaşdırıldığı və lokal məlumat bazalarının yaradıldığı ayrı-ayrı klinikalar mövcuddur. Həmin səhiyyə ocaqlarında pasiyentlərlə bağlı məlumatlar rəqəmsal yolla mübadilə olunur. Lakin tətbiq olunan tibbi informasiya sistemləri müxtəlif informasiya texnologiyaları şirkətlərinin məhsulları olub, bir-biri ilə uzlaşmırlar və təbii olaraq e-səhiyyənin qurulması üzrə vahid yanaşma çərçivəsində öz aralarında məlumat mübadiləsini apara bilmirlər.

Səhiyyə müəssisələri tibbi proqram təminatını özləri əldə edə bildiklərinə görə uyğunsuzluq problemləri daim arta bilər. Məlumatın toplanması, emalı və saxlanmasına dair vahid metodoloji yanaşma və infrastrukturun olmaması, informasiyalaşdırılmanın sistemsizliyi ölkəmizdə səhiyyə sisteminin vəziyyətini dəqiq qiymətləndirməyə imkan vermir.

Digər tərəfdən, Azərbaycanda Milli Strategiyaya müvafiq olaraq e-səhiyyənin formalaşmasına dair ciddi məsələlər qoyulub. Bu məsələlərin həllinə nail olmaq üçün bütün tibbi personalın, tibbi müəssisələrin etibarlı, təhlükəsiz genişzolaqlı şəbəkəyə qoşulmasını təmin edən Milli Səhiyyə şəbəkəsinin yaradılması və inkişaf etdirilməsi, ESK sisteminin inkişaf etdirilməsi və bütün yaş qruplarının onunla təmin olunması, TİS-in tətbiqinin genişləndirilməsi və elektron sağlamlıq sistemi ilə əlaqələndirilməsi, ümumi istifadə üçün tibbi resursların yaradılması, telesəhiyyənin inkişaf etdirilməsi, tibb işçilərinin İKT biliklərinin artırılmasının stimullaşdırılması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə əsas prioritetlər sırasına “İnteqrasiya edilmiş fasiləsiz elektron səhiyyə infrastrukturunun yaradılması” daxildir. Bu infrastrukturun əsas tərkib hissəsi olaraq hazırlanacaq səhiyyə informasiya sistemi özündə e-səhiyyə məlumatları, elektron qeydiyyat, rəqəmsal təsvirlər və elektron resept komponentlərini birləşdirəcək.