Yeni elektron dəri virtual obyektləri onlara toxunmadan idarə etməyə imkan verir

24 Yanvar 2018 - 09:37 | Texnoloji yeniliklər
Yeni elektron dəri virtual obyektləri onlara toxunmadan idarə etməyə imkan verir

Almaniya və Avstriyanın alimləri tərəfindən hazırlanmış elektron dəri virtual obyektləri onlara toxunmadan idarə etməyə imkan verir.

popmech.ru saytının məlumatına görə, adi VR-qurğular obyektin hərəkətini izləmək üçün onu “görməlidir”. Bu kimi qadcetlər böyük hərəkətləri aşkar edə bilən kameralarla təchiz edilir. Həmin kameralar daha kiçik detallarla (məsələn, barmaqların hərəkəti) işləmək üçün yararlı olmur. Tədqiqat müəllifləri yeni elektron dəri – maqnitlə qarşılıqlı təsir göstərən sensorlarla təchiz edilmiş incə örtük hazırlayıblar. Beləliklə, qurğu obyektin kameraların görünüş zonasında olmasını tələb etmir və daha az enerji istehlak edir. Yumşaq və elastik olan elektron dərinin tibbi qurğular və ya yumşaq robotlarda öz tətbiqini tapacağı gözlənilir.

Elektron dərinin daxilindəki sensorlar yaxında olan maqnitlə qarşılıqlı təsir edir. O, əlin əyilmə bucağından asılı olaraq, müxtəlif gərginlik səviyyələri istehsal edə bilər. Xüsusi proqram təminatı sensorun mümkün əyilmə bucaqlarının hər birində nə baş verəcəyinə nəzarət edir. Beləliklə, elektron dərinin köməyilə, məsələn, virtual işığı söndürmək və ya virtual klaviaturada yazmaq olar. Tədqiqatçılar yeni elektron dərinin VR-qurğuların əvəz edilməsi üçün deyil, onların imkanlarının genişləndirilməsi üçün hazırlandığını qeyd ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.