Sinqapurda beş yerli su anbarında suyun keyfiyyətinin monitorinqi üçün robot-quşlardan istifadəyə başlanılacaq. Sinqapurun Su Resursları Agentliyinin iştirakı ilə bir neçə institutun mütəxəssisləri tərəfindən hazırlanmış, qu quşlarını xatırladan “SWAN” (Smart Water Assessment Network – “Ağıllı” Su Qiymətləndirmə Şəbəkəsi) robotlarının ilk sınaqları 2014-cü ildə keçirilsə də, sınaqlar 2016-cı ildə müvəffəqiyyətlə başa çatdırılıb.
hitech.newsru.com saytının məlumatına görə, robotlar turşuluq səviyyəsi, oksigen tərkibi, şəffaflıq və xlorofil tərkibi haqqında informasiya daxil olmaqla, suyun keyfiyyəti ilə bağlı məlumatların əldə edilməsi üçün sensorlar və iki mühərriklə təchiz edilib.
Hazırda suyun analizi qayıqlardan toplanmış suyun köməyilə həyata keçirilir. Lakin bunun üçün insan resursları tələb olunur. Nümunələrin çatdırılmasına müəyyən vaxt sərf olunur ki, bu da fövqəladə vəziyyət yarandıqda dərhal qarşısının alınmasına mane ola bilər. Robotlar real vaxtda məlumatları göndərə və operatorun müşahidəsi altında avtonom rejimdə hərəkət edə biləcəklər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.