İstifadəçiyə görkəmli rəssamların əsərlərində öz oxşarlarını axtarmağa imkan verən proqram hazırlanıb

16 Yanvar 2018 - 12:48 | Texnoloji yeniliklər
İstifadəçiyə görkəmli rəssamların əsərlərində öz oxşarlarını axtarmağa imkan verən proqram hazırlanıb

“Google” korporasiyasının mütəxəssisləri obrazların tanınması və maşın təliminə əsaslanan, “Google Arts & Culture” layihəsi üçün rəqəmsallaşdırılmış incəsənət əsərlərinin geniş arxivində smartfon kamerası ilə çəkilmiş avtoportret üzrə oxşarların axtarılmasına imkan verən alqoritm hazırlayıblar.

hitech.vesti.ru saytının məlumatına görə, istehsalçılar bu alqoritm əsasında bir növ mini-oyun yaradaraq, onu Android və iOS əməliyyat sistemləri üçün əlçatan olan “Google Arts & Culture” proqramına quraşdırıblar. Proqram layihənin məlumat bazasında istifadəçinin selfisinə oxşar portreti və ya heykəli tapır. Selfi və onun oxşarının yan-yana yerləşdirildiyi, həmçinin oxşarlıq faizinin göstərildiyi təsviri sosial şəbəkələrdə paylaşmaq mümkündür.

Sosial şəbəkələrdə #googleartsandculture heşteqi ilə dərc edilən şəkillərə əsasən, alqoritmin çox vaxt detalları yaxşı “aşkar etdiyini”, lakin bütöv bir şəkili nadir hallarda “gördüyünü” demək olar. Bəzən portretlərdəki insanların cinsiyyəti də uyğun gəlmir. Yeni funksiya hələ ki, yalnız ABŞ-da yaşayan “Arts & Culture” istifadəçiləri üçün əlçatandır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.