Çinin “Baidu” şirkəti Pekindən cəmi 100 kilometr məsafədə yerləşəcək “gələcəyin şəhərini” qurmağı planlaşdırır.
hi-news.ru saytının məlumatına görə, şəhərin tikintisi yeni texnologiyalar, ilk növbədə isə süni intellekt texnologiyaları ilə bağlı sınaqların keçirilməsi üçün test meydançası kimi nəzərdə tutulan “Xiongan New Area” yeni iqtisadi zonası çərçivəsində həyata keçiriləcək. Genişmiqyaslı şəhərsalma layihəsi eyni zamanda bir neçə məqsədə xidmət edir: birincisi, sıx məskunlaşılmış Pekin şəhərinin boşaldılması, ikincisi isə “ekoloji təmiz və texnologiya baxımından inkişaf etmiş şəhər”in yaradılması. Öncə şəhərin sahəsi 100 kvadrat kilometr təşkil edəcək. Zamanla isə 2000 kvadrat kilometrə qədər genişləndiriləcək. Bu ərazidə 2-2,5 milyona qədər insan yerləşdirilə biləcək.
Yeni şəhərdə “Baidu” şirkətinin artıq ilk sınaqlarına başladığı “ağıllı” ictimai nəqliyyat və pilotsuz avtomobillərin istifadə olunacağı yeni infrastruktur nəzərdə tutulmuşdur. Bundan başqa, şəhərin bir çox obyektləri və kommunikasiya sistemi süni intellekt imkanlarına malik xüsusi neyroşəbəkə vasitəsilə idarə olunacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.