Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Moldova Elmlər Akademiyası (MEA) arasında elmi-texniki əməkdaşlıq haqqında saziş imzalanıb. Sənəd Azərbaycan və Moldova arasında elmi tədqiqatlar üzrə birgə əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, innovasiya strukturu, texnologiyaların ötürülməsi üzrə layihələrin hazırlanması və reallaşdırılması, innovasiya sahəsində konsorsiumun yaradılması və digər məsələləri əhatə edir.
Saziş AMEA-da keçirilən görüş çərçivəsində imzalanıb. MEA-nın prezidenti, akademik Georgi Duka iə keçirilən görüşdə AMEA prezidenti, akademik Akif Əlizadə iki ölkə arasında müxtəlif sahələrdə uzun illər mövcud olan əməkdaşlıq və dostluq münasibətlərindən söz açıb.
Akademik G.Duka Azərbaycanın inkişafının göz önündə olduğunu vurğulayıb. Sonra MEA-nın strukturu haqqında məlumat verib, akademiyanın 21 institutunun, həmçinin universitet və liseyinin olduğunu diqqətə çatdırıb.
Akademiyanın inkişaf modelindən də danışan G.Duka institutların elmi fəaliyyətini maliyyələşdirmək məqsədi ilə akademiyanın hər il müsabiqələr keçirdiyini qeyd edib. Akademik Moldova Respublikasında 34 universitetin fəaliyyət göstərdiyini qeyd edərək, bu ali təhsil müəssisələrindən tələbələrin Azərbaycanda geologiya, o cümlədən neft geologiyası sahəsində təhsili, elmə yiyələnməsi və təcrübə keçməsi təklifini irəli sürüb.