London və Lozanna şəhərlərində fəaliyyət göstərən və robot texnikasına istiqamətlənmiş “Rewired” vençur studiyası dad və qoxunun rəqəmsallaşdırılması üsulunu tapmış “Aromyx” şirkəti ilə əməkdaşlıq haqqında razılığa gəlib.
“Aromyx” dad və qoxunun elmi, təkrarlanabilən ölçülməsi və rəqəmsallaşdırılmasını təmin etməyə imkan verən texnologiyanın hazırlanması ilə məşğul olur. O, insana xas olan iybilmə sistemini yaradıb.
3dnews.ru saytının məlumatına görə, dad və qoxunun rəqəmsal təqlidi mühəndislər, bioloqlar və kimyaçılar üçün çətin məsələ idi, çünki bunun üçün hər üç sahənin əlaqələndirilməsi tələb olunur. Lakin Stenford alimləri ilə əməkdaşlıq edən “Aromyx” insanın hiss orqanlarının beyinə göndərdiyi biokimyəvi siqnalların yenidən yaradılması və bu siqnalların informativ yolla ölçülməsi üsulunu aydınlaşdırdı.
Bu üsulla birdəfəlik istifadə üçün nəzərdə tutulmuş, müxtəlif mühitlərə uyğunlaşdırıla bilən biosensor “EssenceChip” yaradıldı. Bu texnologiyanın tətbiq dairəsi kifayət qədər genişdir. “Aromyx” robot texnikası üçün də böyük imkanlar yaradacaq. “Rewired” vençur studiyasının nümayəndələri iddia edirlər ki, sensor qabiliyyətlərin yaxşılaşdırılması növbəti nəsil “ağıllı” robotların yaradılmasına yol açacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.