Alimlər süni intellekt və mikroskopların pasiyentlərin 40 faizinin ölümünə səbəb olan qan infeksiyalarını aşkar edərək daha tez və dəqiq diaqnoz qoya biləcəyinə əmindirlər. Qan infeksiyalarına çox vaxt Escherichia coli, Staphylococcus və Streptococcus kimi bakteriyalar səbəb olur.
meddaily.ru saytının məlumatına görə, Bet-İzreyel Tibb Mərkəzinin əməkdaşları tədqiqat zamanı yüksək keyfiyyətli təsvirlərin toplanması üçün yaradılmış avtomatik mikroskop və yüksək dəqiqlikli neyron şəbəkədən istifadə ediblər. Neyron şəbəkə süni intellektin təsvirlərin analizi üçün məməlilərin görmə korteksi əsasında qurulmuş formasıdır. Şəbəkəyə nümunə üzərində bakteriyanın forması və paylanmasından asılı olaraq, onun tipini tanımaq öyrədilib. Sınaqlar 100000-dən çox qan nümunəsinin təsvirinə baxılması hesabına aparılıb.
Ümumiyyətlə, sistem bakteriyaların təsvirlərini 3 kateqoriyaya bölüb: çöpşəkilli, kürəşəkilli və kürəşəkilli zəncirlər və ya cütlər. Bölgünün dəqiqliyi demək olar ki, 95 faizə çatıb. Alimlərin sözlərinə görə, gələcəkdə sistem diaqnozun qoyulması baxımından bütöv laboratoriyaları əvəz edə biləcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.