“Sony” şirkəti insanın gündəlik aktivliyini izləyən “SmartBand SWR10” qolbağının satışlarına başlayıb. ABŞ istifadəçiləri qurğu üçün sifarişi şirkətin onlayn mağazasında təxminən 100 dollara rəsmiləşdirə bilərlər.
hitech.vesti.ru saytının məlumatına görə, smart qolbaq “CES 2014” sərgisində nümayiş etdirilib. Cihaz real vaxt rejimində insan həyatının qeydə alınması üçün nəzərdə tutulub. Aksessuar insanların harada olduğunu, şəkil çəkdirdiyi, musiqi dinlədiyi və kitab oxuduğu vaxtı qeydə alır. Sonra bu məlumatlar android-smartfonda “Lifelog” tətbiqi ilə emal olunur.
“SmartBand” qolbağı smartfona “NFC” və ya “Bluetooth” vasitəsilə qoşula bilər. Cihazın sahibi smartfonundan 10 metr məsafədə uzaq olsa, smart-qolbaq vibrasiya ilə bu haqda xəbər verəcək. Bundan başqa, qurğu insanı yuxudan oyada, ona zəng, SMS, "layk" və tvitlərdən xəbər verə biləcək. Qolbaq su və toza qarşı davamlıdır.