Son zamanlar əsas məqsədi mövcud qurğularla işin sadələşdirilməsi və ya ona yeni funksiyaların əlavə edilməsi olan “ağıllı” qadcetlər tez-tez meydana çıxır. Lakin bütün bu qurğular təkcə elektronika dünyasına aid deyil. Artıq bir çox müxtəlif smart-geyimlərin prototipləri mövcuddur. Bu istiqamətdə ilk addımı xüsusi “ağıllı” sviteri patentləşdirməklə “Samsung” şirkəti atıb.
Koreyalıların patenti haqqında məlumat Beynəlxalq patent bürosunun saytında yerləşdirilib. “Samsung”un bu innovativ yeniliyi yalnız soyuq havalarda insanları qızdırmaq üçün deyil, həm də onların hər zaman əlinin altında olan portativ enerjidoldurma qurğusu kimi nəzərdə tutulub. Oxşar məhsulların əksəriyyətindən fərqli olaraq, bu sviter istiliklə təmin etməklə bərabər, onu geyinən şəxsin hərəkəti vasitəsilə smartfonu enerji ilə dolduracaq.
hi-news.ru saytının məlumatına görə, “ağıllı” geyimin kürək nahiyyəsində istifadəçinin hərəkəti haqqında informasiyanı oxuyan xüsusi sensor yerləşdirilib. Bu hissədə qurğuların yüklənməsi üçün enerji istehsal etməyə yararlı enerjiötürücü mövcuddur. Enerjinin həcmi haqqında məlumat verilməsə də, bu qurğunun istehsalda xüsusi yerə malik olacağı güman olunur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.