Çinin süni intellekt sahəsində liderlik edən “Yitu Technology” şirkəti milyonlarla videonəzarət kamerasına qoşularaq insanları dərhal tanıya bilən süni intellekt alqoritmi hazırlayıb. “Dragonfly Eye” adlandırılmış sistem milli məlumat bazasında olan 1,8 milyard fotoşəkildən ibarət kolleksiyaya malikdir.
dni24.com saytının məlumatında bildirilir ki, “Dragonfly Eye” ilk iş günündə polis tərəfindən axtarılan insanı izləyərək onun dəqiq yerini hüquq-mühafizə orqanlarının əməkdaşlarına göndərib. Daha 567 cinayətkar da şəhər metrosunda sistem tərəfindən aşkar edilib.
“Fərz edək ki, əhalisi 24 milyon olan Şanxay şəhərində yaşayırıq. Bu qədər insanı izləmək hökumət üçün çətin məsələdir. Bunu texnologiyalardan istifadə etmədən həyata keçirmək mümkün deyil. Hətta çox sayda kamera olduğu halda, bütün videoçarxlara baxmaq mümkün olmur, axtarış çox vaxt aparır və böyük miqdarda məlumatlardan əhəmiyyətli nəticələr əldə etmək üçün böyük resurslar tələb edir. Lakin süni intellekt artıq mövcud olan infrastrukturdan istifadə edərək insanları asanlıqla tanıya bilər”, – deyə şirkətin həmtəsisçisi və icraçı direktoru Çju Lonq bildirib.
Onun sözlərinə görə, yeni alqoritm iki fərqli təsvirdə əks olunan şəxslərin eyni insan olub-olmadığını müəyyənləşdirməkdə gömrük mütəxəssislərindən daha dəqiqdir. Sistem obyekti milyonlarla insanın arasında hətta 25 və ya 30 il əvvəlki fotoşəkildən istifadə edərək tapa bilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.