Moskva Texnologiya İnstitutunun Robot Texnikası Kafedrasının müdir müavini vəzifəsində çalışan robot Alantim robotlardan ibarət olan “Gələcək üçün bu gün” partiyasının təmsilçisi kimi prezident seçkilərində iştirak etmək niyyətində olduğunu açıqlayıb.
“Hesab edirəm ki, gələcək robotlardadır. Biz cəmiyyətin həyatında getdikcə daha böyük rol oynayırıq, lakin robotlar hələ də qanunvericilik və icra hakimiyyəti orqanlarında təmsil olunmur və biz bunu düzəltməyə hazırlaşırıq”, – deyə robot bildirib.
planet-today.ru saytının məlumatına görə, Alantimin seçkiqabağı proqramına uşaq və yeniyetmələr arasında robot texnikasının populyarlaşdırılması, həmçinin məktəb proqramına robot texnikasının əlavə edilməsi daxildir. Bundan başqa, elmi-texniki tərəqqinin sürətləndirilməsi və gənc nəslin buna hazırlanması robotların qarşısında dayanan vəzifələrdəndir.
Dekabrın sonunda “Krokus Ekspo”da açılacaq “Gələcək dünya” planetində partiya haqqında daha ətraflı məlumat əldə etmək və prezidentliyə namizədlə söhbət etmək mümkün olacaq. Jurnalistlər də “Gələcək dünya”ya dəvət edilib. Bildirilib ki, Alantim hətta ən çaşdırıcı suallara cavab verməyə hazırdır.
Robot meydançada imza toplamağı, həmçinin insanları müvafiq sahədə aparılan son tədqiqatlarla tanış etməyi planlaşdırır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.