ABŞ-ın Karneqi Mellon Universitetinin tədqiqatçıları neyroşəbəkəyə insanı sözlərarası nəfəs almalar üzrə tanımağı öyrədiblər. Tədqiqatda istifadə olunan uzunmüddətli yaddaşa malik neyroşəbəkəyə ingilis dilində xəbər buraxılışları yüklənilib. Bu informasiya əsasında ona nitqi, daha sonra ayrı-ayrı fonemləri tanımaq öyrədilib. Sonra alimlər sözlər arasındakı səsləri ümumi axından ayırıblar. Tədqiqat müəlliflərindən biri Rita Sinqx bildirib ki, nəfəs almalara nəzarət etmək və onları saxtalaşdırmaq çox çətindir. Bu da nəfəs almaları digər danışıq komponentlərindən fərqləndirir. Neyroşəbəkədən onların tanınması üçün istifadə insanın tanınmasının dəqiqliyini yüksəltməyə imkan verib.
futurist.ru saytının məlumatına görə, alimlər nəfəs almalar üzrə tanımanın digər üsuluna – əlamətlərin supervektorlarını tanıyan metodikaya (bu üsul səsin tanınması sistemlərinin əksəriyyətində istifadə olunur) müraciət ediblər. Bu metodika nitqin ayrı-ayrı fraqmentlərini vektorlara çevirməyə imkan verir. Onların arasında sıxlaşma olan sahələr axtarılır. Sonra bu məlumatlar klassifikatorlar vasitəsilə təhlil edilir.
Sınaqlar zamanı insanın neyroşəbəkədən istifadə ilə tanınmasının supervektorların köməyilə tanınmasından daha dəqiq nəticələr verdiyi müəyyən edilib. Belə ki, birinci üsulda nəticə 91 faizdən çox olduğu halda, ikinci üsulda bu göstərici 72-74 faiz təşkil edir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.