Hazırda robotlaşdırılmış mexanizm nə qədər bacarıqlı olsa da, çox zaman əvvəlcədən yazılmış alqoritmlərə əsasən hərəkət edir (və ya insan tərəfindən idarə olunur) və öz hərəkətlərinin nəticələrini öncədən görə bilmir. Lakin Kaliforniya Universitetinin alimləri robota, hətta onun daha əvvəl rast gəlmədiyi obyektlərlə qarşılıqlı təsir zamanı bu və ya digər hərəkətin nəticəsini öncədən görmək imkanı verən yeni maşın təlimi texnologiyası yaradıblar.
hi-news.ru saytının məlumatına görə, texnologiya bu qaydada təşkil edilib: birinci mərhələdə robot kameralardan əldə edilən təsvirlərin köməyilə operatorun iştirakı olmadan predmetləri müstəqil şəkildə hərəkət etdirir ki, bunun əsasında da proqnozlaşdırılan davranış modeli qurulur. O, bir neçə cəhddən sonra yaddaşda saxlanılır, daha sonra robot yeni və ya oxşar obyektlərlə rastlaşdıqda istifadə olunur. Robotun kameraları hələ ki, bir neçə saniyə sonrakı mümkün hərəkətlər ardıcıllığını hesablayır. Bu, robotun yeni şəraitdə insanın iştirakı olmadan qərarlar qəbul etməsi üçün kifayətdir.
“İnsanlar bütün həyatı boyu heç bir kömək olmadan dünya ilə qarşılıqlı təsir etməyi öyrənirlər, bu yolda lazımi təcrübəni qazanır və müxtəlif bacarıqlar əldə edirlər. Biz faydalı bacarıqlar əldə etmək üçün avtonom rejimdə toplanmış böyük miqdarda məlumatlardan istifadə edəcək avtomatlaşdırılmış sistemi yaratmağa nail olduq. Robot təlim zamanı əldə olunmuş bilikləri isə sonra, məsələn, predmetlərin hərəkət etdirilməsi zamanı istifadə edə biləcək”, – deyə tədqiqatçı Frederik Ebert bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.