Ən qabaqcıl olimpiada

06 Dekabr 2017 - 12:53 | Maraqlı məlumatlar
Ən qabaqcıl olimpiada

2018-ci ilin fevral ayında Cənubi Koreyada Qış Olimpiadası keçiriləcək. Tədbirin təşkili üçün 2 milyard dollar xərclənib. Ölkə turistlər və tamaşaçıları ilk növbədə texniki yeniliklərlə təəccübləndirməyi planlaşdırır.

hi-tech.mail.ru saytının məlumatına görə, olimpiadanın keçiriləcəyi Pxençxan şəhərində sürücüsüz avtobuslar işləyəcək. Bu avtobusların daxilində şüşələrin əvəzinə böyük ekranlar quraşdırılıb. Pəncərədən mənzərəyə baxmaq mümkün olacaq. Lakin bu şüşələr faktiki olaraq, böyük planşetlərdir. Sərnişin bu ekranlar vasitəsilə olduğu yeri dəqiqləşdirə, xəbərləri və ya yarışmanı izləyə bilər. Avtobusda hətta müxtəlif yeməklər sifariş etmək olar. Onlar dronlar vasitəsilə çatdırılacaq. Belə ki, avtobusun marşrutu boyunca xüsusi qəbul stansiyaları yerləşdirilib. Sərnişinlər oradan bağlamaları götürəcəklər.

Oyunlar zamanı yalnız insanlar deyil, robotlar da təhlükəsizliyi təmin edəcəklər. Cənubi Koreyanın ən yaxşı robotları HUBO humanoidləridir. Onlar pilləkənlə irəliləyə, avtomobili idarə edə, qapıları aça, həmçinin insanları səs və zahiri görünüşə görə tanıya bilirlər.

Koreyanın hər yerində virtual reallıq olacaq. Eyni zamanda 32 idman növü virtual reallıqda göstəriləcək. Evdə olan tamaşaçılar xüsusi eynək və ya şlemlər sayəsində olimpiada atmosferinə maksimum yüklənə biləcəklər. Daha bir virtual reallıq texnologiyası – “freeD” müxtəlif nöqtələrdə quraşdırılmış kameralar sayəsində istifadəçiyə bir məqama istənilən bucaqdan baxa bilmə imkanı verir. Bu texnologiyadan, əsasən, futbolda istifadə olunacaq.

Həmçinin koreya dilini bilməyənlər üçün dil baryerini məhv edəcək “GenieTalk” proqramı istifadəyə veriləcək. Koreya, ingilis, yapon, rus, ərəb və alman dillərini dəstəkləyən proqramın bazasında hər dildə 100-dən 800 minə qədər söz vardır.

Cənubi Koreyada keçiriləcək olimpiadada yüksəksürətli İnternet əlçatan olacaq. Belə ki, ölkənin əsas provayderi KT Corporation 5G texnologiyasını sınaqdan keçirir. Bu, LTE-dən min dəfə daha sürətlidir. Məhz yüksəksürətli İnternet VR-translyasiyaların və idman yarışlarının yüksək dəqiqliklə nümayişini təşkil etməyə imkan verəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.