Böyük Britaniyada dron sahibləri uçuşların təhlükəsizliyi üzrə imtahan verməli olacaqlar. Bu tələb hazırda Böyük Britaniya hökuməti tərəfindən hazırlanan dronların yeni uçuş qaydalarında yer alıb. Britaniya hökumətinin saytında dərc olunan xəbərə əsasən, qanun layihəsi 2018-ci ilin yaz aylarında elan ediləcək. Yeni qaydalar həmin il qüvvəyə minə bilər.
Hazırda Böyük Britaniyada “Dronların kodeksi” qüvvədədir. Bu, kütləsi 20 kq-dan çox olan aparatların qeydiyyatdan keçirilməsi və lisenziyalaşdırılmasının tələb edildiyi qaydalar toplusudur. Dronlar uçuşları 120 metrə qədər yüksəklikdə operatorun birbaşa görünmə zonasında yerinə yetirməlidir. Kameralara malik olan şəxsi dronlara insanlar, binalar və avtomobillərə 50 metrdən daha yaxın məsafəyə uçmaq olmaz. Bundan başqa, insanların toplandığı və kütləvi tədbirlərin keçirildiyi yerlərdən 150 metr radiusda uçuşlar, həmçinin hava limanlarına yaxın uçuşlar qadağan edilib.
nplus1.ru saytının məlumatına əsasən, düzəlişlər qüvvədə olan qaydaları sərtləşdirəcək. Xüsusilə, kütləsi 250 q-dan çox olan dronların qeydiyyatdan keçirilməsi məcburi olacaq. Dronu satın alan şəxs onun qeydiyyatdan keçirilməsi üçün təhlükəsiz uçuş qaydaları üzrə imtahan verməli olacaq.
Sənəddə həmçinin qeyd edilir ki, bu gün Böyük Britaniyada “Dronların kodeksi” qüvvədə olsa da, operatorlar bu qaydalara çox vaxt riayət etmirlər. Yeni qaydalarda polis xüsusi məhkəmə icazəsi olmadan dronların detallarını və ya bütöv aparatları müsadirə etmək hüququ əldə edəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.