“İnternetdə domen problemləri və həlli yolları” kitabı işıq üzü görüb.
Kitabın müəllifi AMEA İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri Rəna Qasımova, elmi redaktoru texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərovdur.
Kiberfəzada baş verən domen problemlərinin yer aldığı yeni nəşrdə kibercinayətkarlıqla bağlı beynəlxalq səviyyədə qəbul olunmuş sənədlər, mexanizmlər və domenlərin hüquqi təminatı haqqında məlumatlar da öz əksini tapıb.
Müəllif elmi-texniki tərəqqinin inkişafı ilə meydana çıxan problemlərdən söhbət açıb, İnternetin yaranma tarixi və inkişaf mərhələləri, domenlərin seçilməsi, əldə edilməsi, satışı və domen qalmaqalları haqqında araşdırmalarını oxucularla paylaşıb.
Kitabda diqqəti cəlb edən məqamlardan biri də, milli İnternet resursların domen adları ilə bağlı məsələdir. “Azərbaycan virtual məkanda” sərlövhəli fəsildə ölkəmizin virtual məkanda mövcud vəziyyəti təhlil olunub, dünya informasiya fəzasının Azərbaycan seqmentinin formalaşdırılması və möhkəmləndirilməsi məqsədilə təkliflər irəli sürülüb. Ölkəmizdə İnternetin inkişaf tempi ilə bağlı statistik məlumatlar öz əksini tapıb, peşəkar veb studiyaların domen adları verilib.
Azərbaycana məxsus bəzi coğrafi adların, tarixi, milli-mənəvi və mədəni dəyərləri özündə əks etdirən domen adlarının mənimsənilərək ələ keçirilməsi faktları, bu istiqamətdə AMEA İnformasiya Texnologiyaları İnstitutunda aparılan elmi araşdırmaların nəticələri də böyük maraq doğurur.
“İnternetdə domen problemləri və həlli yolları” kitabı domen adlarına və onların hüquqi baxımdan tənzimlənməsinə marağı olan tədqiqatçı, mütəxəssis, hüquqşünas və tələbələr üçün dəyərli töhfədir.