Ukraynalı istehsalçıların “Petcube” startapı maşın təlimindən insanların ev heyvanları ilə qarşılıqlı anlaşma səviyyəsini yüksəltmək, dördayaqlı dostların xəstəliklərinin qarşısını almaq, həmçinin onlara qulluğu yaxşılaşdırmaq üçün istifadə etməyi planlaşdırır. Şirkət artıq “Almaz Capital”, “AVentures Capital”, “Y Combinator” və bir sıra digər investorlardan 10 milyon dollar alıb. Əldə olunmuş vəsait yeni məhsulların yaradılması və şirkətin biznesinin dünya bazarında genişləndirilməsinə sərf olunacaq.
technation.com.ua saytının məlumatına görə, şirkətin süni intellekt və maşın təlimi əsasında hazırladığı innovativ proqram təminatı mənzil sahibi ilə ev heyvanı arasında “ümumi” dilin yaradılması üçün nəzərdə tutulub. Bundan başqa, o, ev heyvanlarının sağlamlıq vəziyyəti və onların davranışını izləməyə imkan verir.
“Petcube” genişbucaqlı kamera, lazer göstəricisi, mikrofon və dinamiklə təchiz edilmiş 10x10x10 sm ölçülərə malik kubşəkilli qurğudan ibarətdir. Ev heyvanını onlayn rejimdə izləməyə, həmçinin onunla ünsiyyət saxlamağa və oyun oynamağa imkan verən qadcet Wi-Fi şəbəkəsi vasitəsilə istifadəçinin smartfonuna qoşulur.
Xatırladaq ki, daha əvvəl “Petcube” Kanadanın “PetBot” şirkətini satın alaraq onun intellektual mülkiyyətinin sahibinə çevrilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.