Proqram sənayesi və mühəndisliyi iqtisadiyyatının xüsusiyyətləri araşdırılıb

31 Oktyabr 2017 - 16:00 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 8 saylı şöbənin növbəti elmi seminarı keçirildi. Seminarı giriş sözü ilə açan şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev tədbirin “Proqram sənayesi və mühəndisliyi iqtisadiyyatının formalaşma xüsusiyyətləri” mövzusuna həsr olunduğunu bildirdi. O, formalaşmaqda olan informasiya və bilikər iqtisadiyyatının ən perspektivli sektorlarından birinin proqram sənayesi olduğunu qeyd etdi.

Daha sonra mövzu üzrə əsas məruzəni təqdim edən institutun əməkdaşı Leyla Əkbərova XX əsrin sonlarından başlayaraq proqram məhsullarının böyük mütəxəssis kollektivləri tərəfindən sənaye metodları ilə kütləvi istehsalını diqqətə çatdırdı. Ona görə də, onların dəqiq iqtisadi uçotu, analizi və proqnozlaşdırılması, istehsalın səmərəli təşkili, eləcə də reallaşdırılma mərhələləri və s. üzrə işlərin planlaşdırılması, koordinasiyası və idarə olunması zərurətinin yarandığını bildirdi. Məruzəçi proqram məhsulları kompleksləri istehsalında proqram sənayesi və mühəndisliyinin tam halda və ayrı-ayrılıqda tərkib hissələrinin formalaşmasının idarə edilməsinin həllinə çoxaspektli yanaşmanın vacib məsələlərdən olduğunu qeyd etdi.  

“Proqram məhsullarının istehsalı, onların idarəetmə metodologiyası iqtisadi resurslardan, mütəxəssislərin ixtisas səviyyəsindən, texniki, təşkilati, texnoloji, normativ tələblər və layihələrin mürəkkəbliyindən asılıdır”, – deyə bildirən L.Əkbərova proqram məhsullarının istehsalının iqtisadi əsaslandırılması məsələlərini də diqqətə çatdırdı. Onun sözlərinə görə, kompleks proqram məhsullarının iqtisadi əsaslandırılması zamanı konkret proqram məhsulu layihəsi üzərində işin aparılması və ya onun dayandırılması, layihənin tam həyata keçirilməsi və bazara çıxarılması üçün proqram məhsulu istehsalının rentabelli olmasının müəyyən edilməsi məqsədilə marketinq araşdırılmalarının aparılması və s. məsələlər nəzərə alınmalıdır.

Proqram məhsulları istehsalının qiymətləndirilməsinin iqtisadi göstəricilərindən danışan L.Əkbərova onların layihələndirilməsi və istehsalının əsas iqtisadi məsələləri və xüsusiyyətlərini təqdim etdi. O, proqram məhsullarının iqtisadi xüsusiyyətlərinin analizi və proqnozlaşdırılmasından söz açaraq bildirdi ki, proqram kompleksinin işlənilməsinə başlayarkən ilkin verilənlərin real qiymətləndirilməsi həyata keçirilməlidir.

L.Əkbərova, həmçinin proqram məhsullarının keyfiyyətliliyinin iqtisadi xarakteristikaları və proqram məhsulları istehsalının iqtisadi xüsusiyyətlərinə təsir edən amillər barədə ətraflı məlumat verdi. Qeyd etdi ki, proqram məhsulunun keyfiyyəti proqramlar kompleksinin həyat tsikli ərzində dəyişir. Onun həyat tsiklinin başlanğıcında  tələb olunan və real qiyməti çox zaman istifadəçilərə təhvil verilən məhsulun versiyasının istehsalının bitməsi zamanı əldə edilən qiymət və keyfiyyətindən fərqlənir. Proqram məhsulları ilə bağlı verilənlərin daimi uçotunu aparmaq və bu verilənləri layihənin iqtisadi xarakteristikalarının proqnozları ilə müntəzəm olaraq müqayisə etmək vacibdir.

Məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı, tədqiqatın perspektiv istiqamətləri qeyd olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.