Üçölçülü obyektlərin real məkandan virtual məkana transformasiya problemləri araşdırılır

25 Oktyabr 2017 - 16:20 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 18 saylı şöbəsinin müdiri Anar Səmidov rəhbərlik etdiyi şöbənin 2017-ci il üçün hesabatını təqdim etdi. Məruzəçi öncə il ərzində şöbədə aparılmış elmi-tədqiqat işləri haqqında ətraflı məlumat verdi. O, “Üçölçülü obyektlərin real məkandan virtual məkana və əksinə transformasiya problemlərinin analizi. İmkanlar, texnologiyalar və perspektivlər” və “İnternet mühitində reklam-marketinq fəaliyyətinin səmərəliliyinin artırılması üçün metod və alqoritmlərin işlənməsi” mövzuları üzrə araşdırmaların bu il də davam etdirildiyini bildirdi.

Məruzəçi müasir nəşriyyat və poliqrafiya texnologiyalarının meydana gəlməsi, təkamülü və inkişaf perspektivlərinin araşdırılması, kompüter qrafikasının köməyilə müxtəlif təyinatlı poliqrafik materialların modelləşdirilməsi istiqamətində elmi tədqiqatların aparıldığını nəzərə çatdırdı.

A.Səmidov şöbənin elmi-innovasiya və praktik fəaliyyəti barədə də ətraflı danışdı. Onun sözlərinə görə, cari ildə şöbə əməkdaşları AMEA-nın Ümumi yığıncağı üçün dizayn materialları, təbriknamə və vizitkaların hazırlanması, mühasibatlıq, kadrlar şöbəsi, anbar üçün müxtəlif sənədlərin çapı və cildlənməsi, “Multimedia Qalereyası”na foto materialların  daxil edilməsi və s. ilə əlaqədar müəyyən işlər yerinə yetirirlər.

Sonra məruzəçi “Multimedia Qalereyası”na foto, audio və video materialların daxil edilməsi, ELM TV-nin xəbərləri və institutun tədbirlərindən audio yazıların toplanması, institut əməkdaşlarının KİV-də olan məlumatlarının toplanılması üzrə işlərin aparıldığını bildirdi. Həmçinin dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə haqqında toplanmış materialların statistikasına dair məlumatları diqqətə çatdırdı.

O, şöbə əməkdaşlarının elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, beynəlxalq və respublika səviyyəli elmi-texniki konfranslarda iştirakı, müxtəlif təyinatlı nəşrlərin hazırlanması, beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı, elmi-praktiki nəticələrin КİV-də təbliği ilə bağlı görülmüş işlər haqqında da məlumat verdi.

Hesabata dair fikir mübadiləsi aparıldı, şöbənin elmi fəaliyyətinin gücləndirilməsinə dair təklif və tövsiyələr səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir