Rusiyalı alimlər real vaxt rejimində dərinin üst qatlarında qanın mikrosirkulyasiyası prosesini vizuallaşdırması üçün “LaserMicroVision” cihazını hazırlayıblar. Buna bənzər avadanlıq yalnız İsveçrədə var. Lakin onun böyük ölçüləri istifadə imkanlarını məhdudlaşdırır.
news.rambler.ru saytının məlumatında bildirilir ki, yeni qurğu patologiyaların səbəblərini aşkarlayır və zədələnmə zonalarını müəyyən edir. Lazer şüası dərinin 2 millimetrə qədər dərinliyinə nüfuz edərək, eritrositlərin hərəkət sürətini kontaktsız üsulla hesablamağa imkan verir. Lazer şüasının dəriyə belə təsiri zərərsizdir və pasiyent onu hiss etmir.
“Biz qurğunu bir ildən çoxdur ki, hazırlamışıq. İndi işin tamamlanması və konkret kliniki vəziyyətlər üçün ixtisaslaşdırılmış proqram təminatının yazılması ilə məşğuluq”, – layihənin eksperti Andrey Fomin bildirib.
İstehsalçıların sözlərinə görə, cihazdan tibbin xüsusi tədqiqatların keçirilməsini tələb edən istənilən sahəsində (onkologiya, dermatologiya, travmatologiya, plastik və rekonstruktiv cərrahiyyə) istifadə etmək olar. Qurğunun istifadə sadəliyi və yığcam ölçüləri onu mərkəzi rayon xəstəxanalarında, həmçinin elmi-tədqiqat institutlarında tətbiq etməyə imkan verir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.