Levitasiya edən ilk kamera təqdim edilib

20 Oktyabr 2017 - 10:37 | Texnoloji yeniliklər
Levitasiya edən ilk kamera təqdim edilib

“Moon” kamerası səthin üzərində havada qalır və 360 dərəcə fırlana bilir. İstehsalçılar kameraya levitasiya etməyə imkan verən xüsusi texnologiya hazırlayıblar. Qurğu ləngimədən istənilən istiqamətə fırlanır. O, simsiz enerji topladığından fasiləsiz video çəkə bilir.

hi-tech.mail.ru saytının məlumatına görə, kamera ilk növbədə evin mühafizəsi üçün nəzərdə tutulub. Onu otağın mərkəzində quraşdıraraq içəridəki vəziyyəti izləmək olar. Qurğunun mühafizə rejimi sakinlər evdə olmayan zaman vaxtaşırı səslər çıxara və ya mənzildə işığı yandıra bilir. O, həmçinin “ağıllı” evin vahid mərkəzi kimi istifadə edilə bilər. Qurğuya bütün Əşyaların İnterneti qadcetləri qoşulur və onları dünyanın istənilən nöqtəsindən İnternet vasitəsilə idarə etmək mümkündür. Videokonfranslar üçün də uyğun olan kameranın korpusunda mikrofon və dinamiklər var. Həmsöhbət kameranı idarə edə və otaqda olan hər kəsi görə bilir. Qurğu 130 dərəcə baxış bucağına malik 5 meqapiksellik sensorla təchiz edilib. Onun işıq, temperatur, rütubət və karbon qazı sensorları isə məişət qəzalarının qarşısının alınmasına imkan verir.

“Moon” kamerası və levitasiya üçün altlıqdan ibarət dəstin qiyməti 209 dollar təşkil edir. Layihə “IndieGoGo” platformasında təqdim olunub. İlk qurğuların 2018-ci ilin mart ayında satışa çıxarılacağı planlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.