AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında AMEA Rəyasət Heyətinin 22 sentyabr 2017-ci il tarixli “Azərbaycan Respublikası iqtisadiyyatının əsas sektorları üzrə strateji yol xəritəsi” qərarından irəli gələn vəzifələrin icrası məqsədilə instituta həvalə olunmuş işlər müzakirə olundu.
İnstitutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov çıxış edərək bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”nə daxil olan “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə Azərbaycan Milli Elmlər Akademiyasının, o cümlədən AMEA İnformasiya Texnologiyaları İnstitutunun qarşısına bir sıra vəzifələr qoyulmuşdur. Bununla bağlı Rəyasət Heyətinin qərarına əsasən, instituta həvalə edilmiş tapşırıqların icrası məqsədilə Fəaliyyət Planı hazırlanmışdır.
Alim qeyd olunan Strateji Yol Xəritəsinin “Biznesin iştirakı ilə texnoloji tədrisin yenilənməsi” prioriteti üzrə yerinə yetirilmiş işlər barədə məlumat verdi. Qeyd etdi ki, “Texnoloji Təhsil Qrupu”nun yaradılması” istiqamətində informasiya texnologiyaları ixtisasları üzrə ali təhsili başa vuran məzunların həmin il ərzində müsabiqə əsasında işə götürülməsinin təmini işləri həyata keçirilmişdir.
R.Ələkbərov “Texnologiyaların tədrisində çatışmazlıqların araşdırılması və müvafiq təkliflərin irəli sürülməsi” istiqaməti üzrə İKT ixtisasları üzrə təhsil standartlarının araşdırılması, İKT-nin tədrisində çatışmazlıqların aradan qaldırılması və müvafiq təkliflərin işlənməsi, AMEA-nın magistrlərinə, doktorant və dissertantlarına İKT ixtisası üzrə tədris proqramına əlavə və dəyişikliklərin edilməsi ilə bağlı tədbirlərin görüldüyünü bildirdi.
Direktor müavini “İKT sahəsində bilik və bacarıqların artırılması, təhsil sistemində İKT-dən istifadə” prioriteti üzrə həyata keçirilən işlər haqqında da məlumat verdi. Alim bu prioritet üzrə “Daha yüksək İKT bilik və bacarıqların təmin edilməsi üçün rəqəmsal təhsilin inkişafı üzrə islahatların aparılması”, “Təkmilləşdirmə kurslarının təşkil edilməsi”, “Bilik və bacarıqların qiymətləndirilməsi” istiqamətlərində işlərin icra olunduğunu qeyd etdi.
Məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.