Gəncə Dövlət Universitetinin (GDU) rektoru, professor Yusif Yusibov İnformasiya Texnologiyaları İnstitutunda oldu. Əsas məqsəd institutun fəaliyyəti ilə yaxından tanışlıq və iki qurum arasında əməkdaşlıq perspektivlərinin müzakirəsi idi.
Öncə qonaq Verilənlərin Emalı Mərkəzi (DATA Center), Tədris-İnnovasiya, Distant Tədris və Multimedia mərkəzləri, “İnformasiya texnologiyaları” nəşriyyatı, həmçinin İnternet-kafe və yeni istifadəyə verilmiş Elektron Kitabxana Mərkəzinin fəaliyyəti ilə yaxından tanış oldu.
Sonra institutun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov qurumun elmi-tədqiqat, elmi-innovasiya və tədris-innovasiya fəaliyyəti haqqında ətraflı məlumat verdi, müvafiq qurumlarla birgə həyata keçirilən layihələr və əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində görülən işlərdən söhbət açdı.
Bildirdi ki, institutun Tədris-İnnovasiya Mərkəzində alim və mütəxəssislər tərəfindən distant tədris sistemi vasitəsilə regionlarda yerləşən ali təhsil müəssisələrinin tələbələrinə mühazirələr oxunur. Eyni zamanda respublikanın doktorant və dissertantları üçün informatika fənninin tədrisi üzrə müxtəlif kurs və treninqlər keçirilir. R.Ələkbərov hazırda Gəncənin müvafiq elmi qurumlarında da distant tədrisin təşkili ilə bağlı tədbirlərin görüldüyünü diqqətə çatdırdı.
Y.Yusibov, GDU-nun əsas fəaliyyət istiqamətləri, maddi-texniki bazası, İKT ilə təminatı vəziyyəti haqqında məlumat verdi. Bildirdi ki, birgə innovativ layihələrdə iştirak və davamlı əməkdaşlıq hər iki elmi müəssisənin gələcək fəaliyyətinin daha səmərəli təşkilində mühüm rol oynayacaq.
Sonda iki qurum arasında birgə konfrans və seminarların təşkili, GDU-nun doktorant və dissertantlarına distant mühazirələrin oxunması və s. kimi elmi əməkdaşlıq əlaqələrinə dair müqavilənin imzalanması qərara alındı.