40 dilə tərcümə edən qulaqlıqlar təqdim edilib

06 Oktyabr 2017 - 12:08 | Texnoloji yeniliklər
40 dilə tərcümə edən qulaqlıqlar təqdim edilib

“Google” şirkəti nitqi real vaxt rejimində tərcümə edən “Pixel Buds” simsiz qulaqlıqlarını təqdim edib. Sahibinə əcnəbilərlə ünsiyyət qurmağa kömək edən qulaqlıqlar 40 dilə tərcüməni həyata keçirə biləcək. Bu funksiya yalnız qulaqlıqlar Bluetooth-interfeys vasitəsilə “Google Pixel 2” smartfonuna qoşulduqda əlçatan olur.

nanonewsnet.ru saytının məlumatına görə, səs köməkçisindən istifadə etmək üçün sağ qulaqlıqda olan sensora toxunmaq və “Google Assistant”ın işə düşməsini gözləmək lazımdır. Bundan sonra “Google Assistant”a musiqini qoşmaq, yol göstərmək, zəng vurmaq kimi bir çox əmrlər vermək olar. İstifadəçi “mənə yapon dilində danışmağa kömək et” dedikdə və ingilis dilində danışmağa başladıqda smartfonun səsgücləndiricisi onun sözlərini yapon dilində səsləndirəcək. Həmsöhbətin tərcümə edilmiş cavabı isə qulaqlıqlarda eşidiləcək.

Şirkət nümayəndələri aksessuarı nümayiş etdirdikdə tərcümə zamanı heç bir ləngimə müşahidə olunmayıb. Lakin hələ ki, qulaqlıqların real şəraitdə (fondakı səs-küy və digər çətinliklər zamanı) necə işləyəcəyi məlum deyil.

Xüsusi keysdə enerji toplayan və saxlanılan “Pixel Buds” artıq ilkin sifariş üçün “Google” mağazasının veb-saytında əlçatandır. Noyabr ayında satışa çıxarılacaq qulaqlıqların qiyməti 159 ABŞ dolları təşkil edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.