İnfraqırmızı işıq İnternetin sürətini min dəfə artıra bilər

04 Oktyabr 2017 - 16:07 | Texnoloji yeniliklər
İnfraqırmızı işıq İnternetin sürətini min dəfə artıra bilər

Eyndhoven Texnologiya Universitetinin professoru infraqırmızı işığın köməyilə məlumatların ötürülməsinin yeni metodunu təqdim edib. Bu üsulun adi Wi-Fi və ya hətta 5G-dən daha effektiv olduğu bildirilir.

hi-tech.mail.ru saytının məlumatına görə, yeni sistemdə İnternetə qoşulmuş qurğulara görünməyən şüaları yönəldən infraqırmızı antennalardan istifadə olunur. Belə bağlantının sürəti 112 Qb/san-ə çata bilər. Bununla yanaşı, kanal bütün qurğular arasında paylanmır, hər bir qadcet belə sürət əldə edəcək. Halbuki Wi-Fi ötürücülük qabiliyyətini paylamağa məcburdur və daha aşağı sürətlə işləyir.

“İnfraqırmızı” İnternet modeli işıq mənbəyi və qurğuda olan kiçik optik qəbuledicidən ibarətdir. İnfraqırmızı işıq mənbəyi isə optik liflər və linzadan ibarədir və onların vasitəsilə siqnal qurğuya yönəldilir. Smartfon və ya planşetdə optik siqnalın rəqəmsal siqnala çevrilməsi üçün genişbucaqlı linza və fotodiodlardan ibarət olan qəbuledici quraşdırılmış olmalıdır.

Tədqiqatçılar hələ ki, məlumatları infraqırmızı işıq vasitəsilə geri ötürmək üsulunu tapmayıblar. Bu səbəbdən məlumatları geri ötürmək üçün Wi-Fi-dan istifadə olunur. Lakin qurğular, adətən, istehlak etdiklərindən daha az məlumat ötürürlər. Buna görə də bu, böyük problem olmamalıdır.

Wi-Fi həmçinin infraqırmızı işıq mənbəyinin siqnalı dəqiq yönəldə bilməsi məqsədilə qurğunun məkanda yerləşdirilməsi üçün istifadə olunur. İstifadəçi otağı tərk edərsə, sistem avtomatik olaraq başqa mənbəyə keçir. Lakin hələ ki, tədqiqat müəllifi, professor Tom Kunen texnologiyanın istifadəyə verilməsinə dair planlarından bəhs etmir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.