Viki-mühitdə informasiya müharibəsi texnologiyaları araşdırılıb

04 Oktyabr 2017 - 15:31 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 17 saylı şöbəsinin İctimaiyyətlə əlaqələr şöbəsi ilə birgə elmi seminarı keçirildi.

Tədbiri giriş sözü ilə açan AMEA-nın akademik-katibi, institutun direktoru, şöbə müdiri, akademik Rasim Əliquliyev seminarın “Viki-mühitdə informasiya müharibəsi texnologiyalarının analizi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işinin müzakirəsinə həsr olunduğunu bildirdi, elmi rəhbəri olduğu tədqiqat işi haqqında məlumat verdi. Alim mövzunun aktuallığını önə çəkərək dünyanın ən dolğun və nəhəng virtual ensiklopediyası olan Vikipediyanın dünya ictimaiyyətinə informasiya təsirində mühüm alətə çevrildiyini diqqətə çatdırdı. Bildirdi ki, müasir dövrdə viki-mühitdə informasiya müharibəsi (İM) texnologiyaları ilə əlaqədar problemlərin analizi, vikimetriyanın əsas elmi-nəzəri problemlərinin öyrənilməsi böyük əhəmiyyət kəsb edir.

Sonra 17 saylı şöbənin sektor müdiri İradə Ələkbərova mövzu ilə əlaqədar tədqiqat işindən danışdı. Bildirdi ki, dissertasiya işi giriş, 4 fəsil, əsas nəticələr, 154 adda ədəbiyyat siyahısı və əlavədən ibarətdir. Mövzu üzrə 21 elmi iş çap edilmiş, 2 kitab və 2 ekspress-informasiya işıq üzü görmüşdür.

İ.Ələkbərova bildirdi ki, dissertasiya işində əsas məqsəd İnternet məkanında Azərbaycan xalqının milli-mədəni dəyərləri, tarixi həqiqətlərinin qorunması və viki-mühitdə reallaşdırılan informasiya müharibəsi texnologiyalarının avtomatik aşkarlanması və analizi məqsədi ilə metod və alqoritmlərin işlənməsidir.

Məruzəçi dissertasiya işində qarşıya qoyulmuş məqsədə çatmaq üçün görülmüş işlər haqqında məlumat verdi. Bildirdi ki, viki-mühitdə İM texnologiyaları analiz edilərək təsnifatlandırılmış və onların realizasiyasından yaranan problemlərin həlli yolları müəyyənləşdirilmiş, həmçinin viki-mühitdə gizli sosial şəbəkələrin analiz edilmiş, İM-də multimedia resurslarından effektiv istifadə üçün metod və alqoritmlər işlənmişdir.

Sonra o, vikimetrik tədqiqatların müasir vəziyyəti, problemləri və tədqiqat obyektləri barədə danışdı. Bildirdi ki, vikimetrik tədqiqatlara vikipediyanın statistik analizi, viki-istifadəçilərin töhvələrinin təhlili, viki-mühitdə sosial şəbəkələr və istifadəçilərin nüfuzunun, o cümlədən viki-kontentin keyfiyyətinin analizi aiddir.

İ.Ələkbərova viki-mühitdə gizli sosial şəbəkələrin analizi üçün metod və alqoritmin işlənməsi haqqında məlumat verərək viki-mühitin sosial-demoqrafik portretinin analizi, vikipediyada istifadəçi qruplarının fəaliyyət statistikası, və viki-mühitdə gizli sosial şəbəkələrin aşkarlanması modelini təqdim etdi.

Məruzəçi, həmçinin İM-də multimedia resurslarından effektli istifadə üçün metod və alqoritmin işlənməsi və onların eksperimental yoxlanılması ilə bağlı görülmüş işlər haqqında məlumat verdi.

Daha sonra İ.Ələkbərova dissertasiya işinin nəticələrini diqqətə çatdırdı.

Sonda çıxış edən elmi rəhbər, akademik R.Əliquliyev dissertasiya işinin əhəmiyyətini önə çəkərək bu istiqamətdə tədqiqatların elm sahəsi üçün yenilik olduğunu bildirdi. Dissertasiya işini məqbul qiymətləndirən alim məruzəçiyə araşdırmaların dərinləşdirilməsi ilə bağlı təklif və tövsiyyələrini verdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.