Azərbaycan Tibb Universitetində Eduroam xidməti yaradılıb

04 Oktyabr 2017 - 12:00 | Mühüm hadisələr
Azərbaycan Tibb Universitetində Eduroam xidməti yaradılıb

Məlum olduğu kimi, 21 dekabr 2016-cı il tarixində keçirilmiş Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi Yığıncağı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının birgə elmi sessiyasında elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, ölkənin təhsil müəssisələrinin AMEA-nın AzScienceNet elm-kompüter şəbəkəsinin xidmətlərindən istifadəsi, eləcə də, AzScienceNet ilə Azərbaycan Təhsil Şəbəkəsi (AzEduNet) arasında işgüzar əməkdaşlıq əlaqələrinin qurulması məsələləri müzakirə olunmuş və bu istiqamətdə bir sıra qərarlar qəbul olunmuşdur. Bu qərarlardan irəli gələn vəzifələrin həyata keçilməsi məqsədilə cari ildə bir sıra mühüm işlər görülmüşdür.

Bu məqsədlə akademiyanın elmi-tədqiqat müəssisələri ilə yanaşı, respublikanın təhsil müəssisələrinin də elm və təhsil sahələrinin inteqrasiyasında böyük imkanlara malik olan, ölkədə elektron elmin texnoloji platformasını təşkil edən AMEA-nın AzScienceNet şəbəkəsi və onun Data Mərkəzinin xidmətlərindən istifadə etməsi üçün genişmiqyaslı tədbirlər həyata keçirilməkdədir.

Hazırda ölkənin ali təhsil müəssisələrinə şəbəkənin təqdim etdiyi Wi-Fi, Cloud Computing, Cloud Storage, Hostinq, Eduroam, İP Telefoniya, paylanmış çoxterminallı məlumat xidməti, operativ məlumatlandırma, e-kitabxana, elektron poçt,  distant tədris və s. xidmətlərdən istifadə imkanlarının yaradılması istiqamətində işlər həyata keçirilir.   

Bu yaxınlarda təhsil sistemində ilk dəfə olaraq Azərbaycan Tibb Universitetinin şəbəkə infrastrukturunun AzScienceNet elm-kompüter şəbəkəsinin Data Mərkəzində yerləşən Milli Eduroam Serverinə qoşulması təmin olunmuşdur. Bu universitetdə, həmçinin Wi-Fi və Eduroam xidmətlərinin yaradılması işləri həyata keçirilmişdir. Universitetin əməkdaşlarına AzScienceNet vasitəsilə ölkəmizdə dünya standartlarına uyğun texnologiya və xidmətlərin istifadə edilməsinə, tədqiqatçılarımızın bu mühitdə daha səmərəli fəaliyyət göstərməsinə imkan verən Avropa Elm və Təhsil Şəbəkələri Assosiasiyasının (Gigabit European Advanced Network Technology, GEANT) Eduroam xidmətlərindən istifadə imkanı yaradılmışdır. Hazırda əməkdaşlar xarici ezamiyyətləri zamanı mütəmadi olaraq bu xidmətdən istifadə edirlər.

Yaxın zamanda univeristetin müəllim və tələbə heyətinin GEANT-ın təklif etdiyi .... xidmətlərindən da istifadə etmələrinə imkan yaradılacaq.

GEANT tərəfindən təqdim edilən Eduroam (education roaming) xidməti alim, tədqiqatçı, müəllim və tələbələrin İnternetə təhlükəsiz və sərbəst çıxışını təmin edən beynəlxalq rouminq xidmətidir. Bu xidmətə qoşulan istifadəçilər ölkə daxilində və xaricdə minlərlə elm və təhsil qurumunun ərazisində olarkən İnternetə simsiz şəbəkə üzərindən asan, ödənişsiz və təhlükəsiz çıxış imkanı əldə edir.

Qeyd edək ki, hazırda Azərbaycan Dövlət İqtisad Universitetində, eləcə də, Azərbaycan Memarlıq və İnşaat Universitetində bu xidmətlərin istifadəyə verilməsi istiqamətində işlər aparılır. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.