“Ağıllı” skamyalar hazırlanıb

02 Oktyabr 2017 - 15:50 | Texnoloji yeniliklər
“Ağıllı” skamyalar hazırlanıb

Tanınmış avtomobil şirkəti “Ford” “Strawberry Energy” startapı ilə birlikdə “ağıllı” şəhər üçün “ağıllı” skamyalar – “Ford Smart Benches” layihəsini hazırlayıb. Bu skamyalar piyadalara simsiz İnternetdən istifadə və elektron qurğuları enerji ilə doldurmaq imkanı verəcək.

vladtime.ru saytının məlumatına görə, hələ ki, yalnız London küçələrində quraşdırılacaq skamyalar günəş batareyaları ilə işləyəcək və onlardan istifadə tamamilə ödənişsiz olacaq. “Ağıllı” skamyalar, həmçinin havanın temperaturu və rütubətliyini ölçə, atmosferdə karbon qazının konsentrasiya səviyyəsi barədə məlumat verə biləcək. Bu məlumatlar hökumət orqanları, alim və piyadalar üçün faydalı olacaq.

“Ford Smart Benches”in köməyilə Britaniyanın xeyriyyə təşkilatlarına ianə göndərmək mümkün olacaq. “Ağıllı” skamyalar vasitəsilə toplanmış vəsait “Ford Motor Company Fund” xeyriyyə fondu tərəfindən iki dəfə artırılacaq.

Qeyd edək ki, Londonda artıq 20 “ağıllı” skamya quraşdırılıb və layihənin birinci mərhələsində daha 20 yeni “Ford Smart Bench” quraşdırılacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.