Yeni biometrik skaner barmaq izləri və sifətin skan edilməsini unutduracaq. Belə ki, insanın ürəyi onun giriş kodu ola bilər.
ABŞ-ın Buffalo Universitetinin tədqiqatçıları müxtəlif qurğulara girişi təmin etmək üçün ürəyin ölçülərini təhlil edən yeni biometrik alət hazırlayıblar.
naked-science.ru saytının məlumatına görə, insan bədəni fərdiləşdirilmiş giriş kodu kimi istifadə edilən unikal biometrik markerlərlə zəngindir. 2014-cü ildə “Nymi” şirkəti ürək ritmlərini izləyən qolbaqdan istifadə edərək insanın elektrokardioqramının siqnalını identifikasiya edən biometrik sistem hazırlamışdı. İndi isə Buffalo Universitetinin tədqiqatçıları insan ürəyinin unikal forma və ölçüsünün müəyyən olunması üçün aşağı səviyyəli dopler radarından istifadə edən sistemi təqdim ediblər.
Sistemin yaradıcıları bildiriblər ki, eyni ürəyə malik iki insan olmur. Bundan başqa, insan ciddi ürək çatışmazlığından əziyyət çəkmirsə, bu orqan öz formasını dəyişdirmir. Sistem insanın unikal ürək ritminin yazılmasına 8 saniyə sərf edir. Sonra bədənlə heç bir əlaqə olmadan fasiləsiz autentifikasiyanı təmin edərək insanın yaxınlıqda olmasına nəzarət edə bilir. 78 nəfər könüllü ilə aparılan eksperimental tədqiqat zamanı ürəyin skan edilməsi sistemi 98,61 faiz dəqiqliyə nail olub. Sistemin cari versiyası insanı 30 metrə qədər məsafədə müəyyən etməyə imkan verir. Növbəti mərhələdə qurğunun ölçüsünün kiçildilməsi, işin diapazonu və dəqiqliyinin artırılması planlaşdırılır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.