AMEA Riyaziyyat və Mexanika İnstitutunda bu elmi müəssisənin yaranmasının 55 illiyinə həsr olunmuş “Riyaziyyat və Mexanikanın aktual problemləri” mövzusunda beynəlxalq konfrans keçirilib.
Tədbirdə tanınmış elm və mədəniyyət xadimləri, dünyanın müxtəlif ölkələrindən olan nümayəndələr, alim və mütəxəssislər iştirak ediblər.
Konfransın plenar iclaslarında AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları da məruzələrlə çıxış ediblər.
İnstitutun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev və institutun böyük elmi işçisi Roza Şahverdiyeva birgə müəllifi olduqları “Qeyri-müəyyənlik şəraitində innovasiya strukturlarının fəaliyyətinin iqtisadi-riyazi modelləşdirməsi” mövzusunda məruzəni təqdim ediblər.
Məruzədə innovasiya strukturlarının fəaliyyətinin təhlili prosesində iqtisadi-riyazi modelin qurulması ilə bağlı problemlər, eləcə də qeyri-müəyyənlik şəraitində modelləşdirmə və onun əsasında müxtəlif səviyyəli qərarların qəbulunun mümkün nəticələrinin qiymətləndirilməsi haqqında məlumat verilib.
Tədbirin növbəti plenar iclasında Ə.Əliyev və institutun elmi işçisi Şəfa Bağırova “İKT sferasında iqtisadi artım modelləri vasitəsilə investisiyaların optimal idarə olunması” mövzusunda çıxış ediblər. Məruzədə iqtisadiyyatın sektorlarına optimal kapital qoyuluşunun müəyyənləşdirilməsi üçün müvafiq alqoritmlərdən və hər bir sektorda investisiyanın iqtisadi artıma təsiri və təhlili barədə məlumatlar diqqətə çatdırılıb. İnvestisiyaların optimal idarə olunması məsələlərinin tədqiqi və İKT-nin müvafiq sektorlarına optimal kapital qoyuluşunun müəyyənləşdirilməsinin mümkün üsullarından söz açıblar .
Sonda dosent Ə.Əliyev hər iki məruzənin Elmin İnkişafı Fondu tərəfindən maliyyələşdirilən “Azərbaycanda İnformasiya İqtisadiyyatının formalaşması problemlərinin təhlili” layihəsi çərçivəsində hazırlandığını nəzərə çatdırıb.