Dissertasiya şurasının növbəti iclası keçirildi

25 Sentyabr 2017 - 13:00 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun nəzdindəki Dissertasiya şurasının növbəti iclası keçirildi.

Dissertasiya şurasının sədri, AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev gündəlikdə duran məsələlər haqqında məlumat verdi. İclasın 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə Şəlalə Cəfərovanın “Qeyri-səlis cəbri petri şəbəkəsinin tətbiqi ilə çevik istehsal sisteminin modelləşdirilməsi” və Ramin Səmədovun “Hesablama buludları mühitində paylanmış informasiyanın emalı alqoritmlərinin və proqram vasitələrinin işlənməsi” mövzusunda təqdim edilmiş dissertasiya işləri üzrə rəsmi opponentlərin, aparıcı təşkilatların və müdafiənin tarixinin təyin edilməsi məsələlərinə həsr olunduğunu bildirdi.

İclasda iddiaçı Ş.Cəfərovanın dissertasiya işi üzrə texnika üzrə elmlər doktoru, professor Vidadi Musayev və texnika üzrə fəlsəfə doktoru, dosent Nazilə Rəhimova, iddiaçı R.Səmədovun dissertasiya işi üzrə texnika üzrə elmlər doktoru, professor Valeh Mustafayev və texnika üzrə fəlsəfə doktoru, dosent Araz Yusubov opponent kimi təsdiq olundu.

Həmçinin iclasda Ş.Cəfərovanın dissertasiya işi üzrə Bakı Dövlət Universitetinin “İnformasiya texnologiyaları və proqramlaşdırma” kafedrası, R.Səmədovun dissertasiya işi üzrə isə Milli Aviasiya Akademiyasının “Aviakosmik informasiya sistemləri” kafedrası aparıcı təşkilat kimi  təsdiq olundu. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.