Massaçusets Texnologiya İnstitutu (MTİ) və Pittsburq Universitetinin alimləri elmi işlərdə tez-tez “Vikipediya”dakı məqalələrə istinadların olması təcrübəsini elm üçün faydalı hesab ediblər.
hitech.newsru.com saytının məlumatına görə, alimlər tədqiqatın gedişatında doktorantlara elmlə bağlı, “Vikipediya”da olmayan bir neçə məqalə hazırlamağı tapşırıblar. Hazırlanmış materialların yarısı onlayn-ensiklopediyada yerləşdirilib. Bir müddət sonra onlar müəyyən ediblər ki, “Vikipediya”ya yüklənmiş məqalələr digər tədqiqatçıların elmi işlərində minlərlə baxış və istinad alıb.
“Nəticələr onu göstərir ki, elmi biliklərin əlçatan mənbələrdə nəşri elmin inkişafının iqtisadi effektiv üsuludur. Bu, elmi informasiyanın ənənəvi mənbələrinə girişə malik olmayanlar üçün xüsusilə faydalıdır”, – deyə tədqiqatın müəllifləri qeyd edirlər.
İşin həmmüəlliflərindən biri, MTİ-in professoru Nil Tompsonun sözlərinə görə, tədqiqat həmçinin göstərdi ki, “Vikipediya” alimlər tərəfindən məqalələrin yazılışı zamanı istifadə olunmaqla yanaşı, onların elm haqqında necə yazdığına da təsir edir.
“Vikipediya” yalnız elmdə nə baş verdiyi haqqında qeydlərdən ibarət deyil. O, həm də elmi formalaşdırmağa kömək edir”, – Tompson bildirir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.