Mikroskopik robotlara DNT molekullarını çeşidləmək öyrədilib

20 Sentyabr 2017 - 15:00 | Maraqlı məlumatlar
Mikroskopik robotlara DNT molekullarını çeşidləmək öyrədilib

İnsan orqanizminin daxilində işləmək imkanına malik nanorobotlar son dərəcə perspektivli tətbiqlərdən biridir. Onlar diaqnostika apara, insanların sağlamlıq vəziyyətini izləyə, hətta xəstəlikləri müalicə edə bilərlər. Bu yaxınlarda Kaliforniya Texnologiya İnstitutunun alimlərinin hazırladığı kiçik biorobot DNT molekulunun səthində hərəkət edə və onun zəncirini yenidən qura bilər.

hi-news.ru saytının məlumatına görə, molekulyar robotlar orqanizmin daxilində missiyalar yerinə yetirmək üçün yaradılıb. “Bizim hədəfimiz DNT molekullarının çeşidlənməsi kimi mürəkkəb nanomexaniki məsələləri yerinə yetirə bilən molekulyar robotun hazırlanmasından ibarət idi”, – deyə tədqiqatçılar “Science” jurnalına müsahibəsində bildiriblər.

Robot “ayaqlarının” köməyi ilə DNT “sapları” üzrə hərəkət edir. Onun “səyahəti” hərəkət etdirməli olduğu molekula qədər davam edir. 5 dəqiqə ərzində robot 6 nanometr məsafə qət edir. Yeni texnologiyanın iş qabiliyyətinin yoxlanması üzrə sınaqlar seriyasının gedişatında biorobot 58 kvadrat nanometrlik DNT-dən ibarət sahədə hərəkət edib. 

İndi alimlər robotun hərəkətlərinin optimallaşdırılması ilə məşğuldurlar. Mütəxəssislərin bəyanatına əsasən, biorobotun iş prinsipini dərmanların sintezi üçün birbaşa insan orqanizminin daxilində istifadə etmək mümkün olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.