İnsan mimikasına malik bot

18 Sentyabr 2017 - 14:14 | Texnoloji yeniliklər
İnsan mimikasına malik bot

İstehsalçıların sözlərinə görə, yeni layihə avtomatik videoköməkçilərlə ünsiyyəti daha rahat etmək üçün nəzərdə tutulub.

Facebook mütəxəssislərinin hazırladığı Learn2Smile alqoritmi həm istifadəçinin üz ifadəsini təhlil etmək, həm də həmsöhbətin mimikasına reaksiya vermək bacarığına malikdir.

naked-science.ru  saytının məlumatına görə, süni intellekt əsasında hazırlanmış layihə çərçivəsində Skype-da 250 videokonfrans yazısı təhlil edilib. Alqoritm danışıq zamanı hər bir üzdə 68 baza nöqtəsini “öyrənib”. Learn2Smile-ın bu məlumatları əsasında üz ifadələri və qeyri-verbal siqnalların kataloqu təşkil olunub.

Bildirilir ki, insanlar həmsöhbətin söz və emosiyalarına reaksiya verərkən adətən, eyni hərəkətləri icra edirlər: başlarını yırğalayır, əyir və gözlərini qırpırlar. Alqoritmin müəllifləri qeyd edirlər ki, hətta ağız və qaşların gözə çarpmayan hərəkətləri bu prosesdə son dərəcə informativ ola bilər.

Layihənin sınağı zamanı istifadəçinin mimikasına uyğun reaksiya verən canlandırılmış üz əldə edilib. Məsələn, əgər insan gülürsə, videobot ağzını açır və başını tərpədir. Mütəxəssislər eyni videoda bot və sınaq iştirakçılarından birinin reaksiyasını müşahidə ediblər. Learn2Smile mimikası insanlara tamamilə real görünüb: onun reaksiyaları insan reaksiyalarından o qədər də fərqlənməyib.

Yeni bot robot texnikası və süni intellektin inkişafı problemlərinə həsr edilmiş “International Conference on Intelligent Robots and Systems” beynəlxalq konfransında təqdim olunacaq.

Qeyd edək ki, bundan öncə Facebook mütəxəssisləri sosial virtual reallıq layihəsini təqdim etmişdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.