7 il əvvəl polisləri əlavə reallıq eynəyində yalnız kinoda və ya kompüter oyunlarında görmək mümkün idi. Bu, fantastika kimi görünsə də, artıq “Microsoft HoloLens” qarnituru və “Black Marble” şirkətinin “Scene of Crime Application” proqramı sayəsində reallığa çevrilir.
3dnews.ru saytının məlumatına görə, proqram hüquq-mühafizə orqanları əməkdaşlarına cinayətin törədildiyi məkanı araşdırmağa kömək etmək üçün nəzərdə tutulub. Proqramı “HoloLens” eynəyində istifadəyə verdikdə polislər dəlilləri virtual markerlər vasitəsilə qeyd edərək və onları toxunulmaz saxlayaraq sübut bazasını kontaktsız metodla toplaya bilərlər. Nəticədə “Scene of Crime Application” müstəntiqlərə reallıqda bütün dəlillər artıq məhv edilmişsə belə, hadisə yerinə “qayıtmağa” imkan verəcək.
“Black Marble” heyətinin “HoloLens” üçün hazırladığı daha bir proqram “Command and Control” adlanır və mobil əmr mərkəzini təşkil edir. Proqram əlavə reallıq eynəyinin küçələrdə patrul xidməti kimi tətbiqini nəzərdə tutur. Bu zaman bölmədə olan zabit əməkdaşların olduğu yer haqqında məlumatları əldə edəcək və onların gördüklərinin təsvirini görəcək. Bundan başqa, proqram hərəkətlərin koordinasiyası və təcili çağırışların bölgüsü üçün əməkdaşların bir-biri ilə ünsiyyət saxlaması imkanını təqdim edir.
Artıq “HoloLens” üçün “Black Marble” proqramları polis bölməsində sınaqdan keçirilib və asayiş keşikçilərindən müsbət rəylər alıb. Polis əməkdaşları oxşar texnologiyaların onların işində inqilab edəcəyinə inandıqlarını bildiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.