“iPhone 8” və “8 Plus” təqdim edilib

13 Sentyabr 2017 - 10:26 | Texnoloji yeniliklər
“iPhone 8” və “8 Plus” təqdim edilib

“Apple” şirkəti Kupertino şəhərində yeni kampusda Stiv Cobs adına teatrda (Steve Jobs Theater) keçirilən ilk tədbirdə növbəti nəsil “iPhone” smartfon modellərini təqdim edib.

Xatırladaq ki, şirkət 2017-ci ildə ilk “iPhone” modelinin buraxılışının 10 illiyini qeyd edir. “iPhone 8” və “8 Plus” modellərində “iPhone 7” və “7 Plus” ilə müqayisədə böyük dəyişikliklər edilməyib.

ferra.ru saytının məlumatına görə, smartfonların korpusu alümin əvəzinə şüşə paneldən ibarətdir. Qurğuların ekran diaqonalı (5,5 və 4,7 düym), eləcə də “IP68” standartı üzrə suyadavamlı və sukeçirməz mühafizəsi və stereodinamikləri dəyişməz qalıb. Bundan başqa, qulaqcıqlar üçün 3,5 mm-lik çıxış bu dəfə də quraşdırılmayıb. Bununla yanaşı, displeydə “iPad Pro” planşetində olduğu kimi, “TrueTone” texnologiyasından istifadə olunur.

Bildirilir ki, smartfonların əsasını iki yüksək məhsuldarlıqlı və dörd enerjiyə qənaətcil prosessor nüvəsinin olduğu güclü “A11 bionic” prosessoru, eləcə də “Apple” şirkətinin ilk dəfə hazırladığı  qrafika təşkil edir. İstehsalçı nümayəndələrinin sözlərinə görə, məhsuldarlıq nüvələri “A10” prosessorunda quraşdırılandan 25 faiz sürətli, 70 faiz qənaətli, qrafika isə 30 faiz sürətlidir.

Hər iki model “F1.8” aperturalı 12 meqapikselli kamera ilə təchiz edilib. Smartfonun əsas versiyasının isə “F2.8” telefoto modulu daha da təkmilləşdirilib. Kamera əlavə reallıq oyunları və əlavələri üçün imkanlar yaradır. 

İlkin sifarişlərin qəbuluna sentyabrın 15-dən başlanacaq “iPhone 8 və “8 Plus” smartfonlarının sentyabrın 22-dən satışa çıxarılması nəzərdə tutulur. 64 giqabaytlıq yaddaş tutumuna malik “iPhone 8” modelinin qiyməti 699 dollar, 64 giqabaytlıq “iPhone 8 Plus”un isə 799 dollar təşkil edir. Həmçinin 256 giqabayt yaddaşa malik versiyalar təklif olunur. “iPhone 8” və “iPhone 8 Plus” gümüşü, yeni qızılı və boz rənglərdə təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.