Daxili orqanları “görən" kamera hazırlanıb

07 Sentyabr 2017 - 11:23 | Texnoloji yeniliklər
Daxili orqanları “görən" kamera hazırlanıb

Şotlandiyanın Edinburq Universitetinin tədqiqatçıları rentgen şüalarını tətbiq etmədən daxili orqanları “görən” kameranın prototipini hazırlayıblar. Qurğu endoskopik müayinələrə nəzarət üçün istifadə ediləcək. Endoskoplar pasiyentin orqanizminə daxil edilən optik cihazlardır. Məsələn, mədə, onikibarmaq bağırsaq və qida borusunun divarlarının müayinəsi zamanı elastik endoskop ağız və ya burun vasitəsilə daxil edilir.

Belə müayinə pasiyentin bədənində əlavə kəsiklər tələb etmədiyindən onun vəziyyətinin ağırlaşması ehtimalını azaldır. Endoskopun köməyilə edilən bir çox müayinələr rentgen nəzarəti altında həyata keçirilir. O, qurğunun orqanizmdə vəziyyətini dəqiq müəyyən etməyə imkan verir. Lakin rentgenoqrafiyanın bir sıra mənfi cəhətləri var: ionlaşdırıcı şüanın təsiri, müayinə zamanı cihazın işinin qiyməti və s.

nanonewsnet.ru saytının məlumatına görə, yeni kamera rentgen nəzarətindən imtina etməyə imkan verəcək. Müasir endoskoplar qeyri-invaziv əməliyyatlar zamanı əlavə işıqlandırma üçün işıq mənbəyi ilə təchiz edilib. Bu mənbənin fotonları kamera tərəfindən tutulur. Onun foton detektorlarının iş prinsipi ballistik fotonların qeydə alınmasına əsaslanır. Bu hissəciklər düzxətli trayektoriyalara yaxın trayektoriyalar üzrə hərəkət edir və işıq mənbəyindən gedən fotonların əksəriyyəti ilə müqayisədə praktik olaraq dağılmırlar. “Ballistik” hissəciklər dağılmış hissəciklərdən daha az olur. Ballistik” və dağılmış fotonların qeydə alınma vaxtını müqayisə etməklə endoskopun harada olduğu haqda nəticə çıxarmaq olar.

İstehsalçılar toyuğun cəmdəyi və qoyunun ağciyərinin daxilində işıq mənbələrini yerləşdirərək prototipi sınaqdan keçiriblər. Toxumaların təxminən 20 sm qalınlığında siqnalı qeydə almaq mümkün olub. Bu kameranın gələcəkdə həkimlər üçün mühüm avadanlığa çevriləcəyi bildirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.