Üç nəfərdən ibarət beynəlxalq alimlər qrupu xərçəng hüceyrələrini tez və effektiv məhv etmək imkanına malik mikroskopik robotlar hazırlayıblar. Tədqiqatçılar ötən il bu robotların yaradılması üzrə kimya sahəsində Nobel mükafatını alıblar. Bu il isə, onların sınaqlarını keçirməyə başlayıblar.
hi-news.ru saytının məlumatına görə, nanomaşınlar əvvəlcə zülalın müəyyən növünə hədəflənirlər. Buna görə də, onlar hədəfi səhv etmədən tapırlar. Robotlar işığın köməyi ilə aktivləşdirilərsə, sürətlə fırlanaraq hüceyrənin daxilinə girir və onu dəqiqələr ərzində məhv edirlər. Qeyd edilir ki, nanobotlar hədəflərin axtarışını işığın iştirakı olmadan həyata keçirirlər, lakin onun daxilinə girməyi yalnız işıq sayəsində bacarırlar.
Nanobotlar o qədər kiçikdir ki, hətta onun 50 min nüsxədən ibarət “sırası” qalınlığına görə insanın saç teli qədərdir. Alimlər, həmçinin balıq və mikroorqanizmlər üzərində bir sıra sınaqlar keçiriblər. Lakin onlar ümid edirlər ki, gələcəkdə nanabotlardan insanın müalicəsi üçün istifadə edə biləcəklər. Bu kimi robotlar şişlərin məhv edilməsi ilə yanaşı, orqanizmin müəyyən nahiyəsinə dərmanın çatdırılması üçün də istifadə oluna bilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.