İnformasiya Texnologiyaları İnstitutu ilə Gəncə Dövlət Universiteti arasında əməkdaşlıq əlaqələri qurulur

15 May 2014 - 12:00 | Görüşlər
İnformasiya Texnologiyaları İnstitutu ilə Gəncə Dövlət Universiteti arasında əməkdaşlıq əlaqələri qurulur

Bu barədə məlumatı AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyevverib. Onun sözlərinə görə, Gəncə Dövlət Universitetinin (GDU) rektoru, professor Yusif Yusibov və universitetin riyaziyyat-informatika fakültəsinin professor və müəllim heyətilə keçirilən görüş zamanı institut ilə müvafiq sahədə əməkdaşlıq perspektivləri, kadr və təcrübə mübadiləsi müzakirə olunub. 

Dosent Ə.Əliyev görüş iştirakçılarına, institutda AR Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən maliyələşdirilən Azərbaycanda innovativ informasiya iqtisadiyyatının formalaşması problemləri" layihəsi və onun yerinə yetirilməsi haqqında da ətraflı məlumat verib.

Görüşdə prof. Y.Yusibova institutun direktoru, AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyevin GDU ilə bağlı arzu və təklifləri çatdırılıb. Həmçinin birgə konfrans və seminarların təşkili, universitetin doktorant və dissertantlarına informatikanın tədrisi, distant mühazirələrin oxunması və s. ilə bağlı əməkdaşlığa dair müzakirələr aparılıb. 

Y.Yusibov, GDU-nun əsas fəaliyyət istiqamətləri, maddi-texniki bazası, İKT ilə təminatı vəziyyəti haqqında məlumat verib. O, bildirib ki, birgə innovativ layihələrdə iştirak və davamlı əməkdaşlıq hər iki qurumun gələcək fəaliyyətinin daha səmərəli təşkilində mühüm rol oynayacaq.