“Debian Linux” sistemi ilə işləyən təhlükəsiz smartfon təqdim edilib

28 Avqust 2017 - 16:00 | Maraqlı məlumatlar
“Debian Linux” sistemi ilə işləyən təhlükəsiz smartfon təqdim edilib

San-Fransiskoda fəaliyyət göstərən “Purism” şirkəti açıq platforma üzrə işlənilmiş təhlükəsiz “Librem 5” smartfonunun hazırlanması üzrə yekun mərhələ üzərində işlədiklərini elan edib.

Yeni layihə “Android” sistemi əsasında hazırlanmış müvafiq “anti-casus” tətbiqlərindən fərqlənir. Bu smartfon “Debian Linux” əsasında hazırlanmış şəxsi “PureOS” əməliyyat sisteminin idarəetməsi altında işləyəcək.

cnews.ru saytının məlumatına görə, “Librem 5” smartfonu “Matrix” şifrlənmiş desentralizasiya olunmuş rabitə texnologiyasından istifadə edən dünyada ilk IP-cihaz olacaq. “Purism” şirkətinin nümayəndələri hesab edirlər ki, telefonlar istifadəçiləri izləməməlidir, abunəçinin rəqəmsal həyatının məxfiliyi qorunmalıdır.

“Librem 5” smartfonunun ilk versiyası 5 düymlük displey, 3 Gb-lıq LPDDR3 tipli əməli yaddaş, 32 Gb-lıq “eMMC” fləş daşıyıcısı ilə təchiz edilib. Cihazda, həmçinin 2 ədəd kamera, “USB Type-C” portu, “GPS”, akselerometr, hiroskop, kompas mövcud olacaq.

Smartfonun bütün rəqəmsal trafiki (mətn mesajları və elektron poçt məktubları daxil olmaqla) şifrlənəcək. Smartfonda çıxan zənglər üçün şəxsi nömrənin gizlədilməsi imkanı, VPN sazlaması, daxili brauzerin qabaqcıl müdafiəsi, klaviatura və “maus” kimi periferiya qurğularının qoşulması üçün host funksiyası və bir sıra digər təhlükəsizlik funksiyaları nəzərdə tutulub.

“Purism” şirkəti “Librem 5” smartfonunun ilk versiyasının satışını 2018-ci ilin sonu, 2019-cu ilin əvvəlinə planlaşdırır. Şirkətin əməkdaşları “Librem 5” smartfonunu 599 dollar məbləğində qiymətləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.