“Facebook Marketplace” sosial şəbəkə istifadəçilərinə üzv olduqları qruplarda malları tapmağa, almağa və satmağa imkan verir.
“Facebook” Avropanın 17 ölkəsində öz elektron ticarət platforması – “Marketplace”i istifadəyə verir. Xidmət “Facebook” sosial şəbəkəsinin istifadəçilərinə üzv olduqları qruplarda malları tapmağa, almağa və satmağa imkan verir. Daha əvvəl “Marketplace” yalnız Birləşmiş Krallıq, Kanada, Çili, Meksika, Yeni Zelandiya və ABŞ-da istifadəçilər üçün əlçatan idi. İndi isə platforma Avstriya, Belçika, Çexiya, Danimarka, Finlandiya, Fransa, Almaniya, Macarıstan, İrlandiya, İtaliya, Lüksemburq, Niderland, Norveç, Portuqaliya, İspaniya, İsveç və İsveçrə sakinləri üçün əlçatan olacaq.
psm7.com saytının məlumatına görə, “Facebook Marketplace”də potensial istehlakçılar hələ ki, yalnız proqramda xüsusi düyməni klikləməklə digər istifadəçilərin satışa çıxardıqları malların şəkillərini gözdən keçirə bilərlər. Proqramda həmçinin, geoyerləşmə, kateqoriya və qiymət əsasında malların axtarışı üçün filtr quraşdırmaq mümkündür.
Qeyd edək ki, Avropada istifadə olunmuş malları əldə etməyin mümkün olduğu bir neçə elektron ticarət platforması mövcuddur. “Facebook”un məlumatına görə, may ayında ABŞ üzrə “Marketplace”də satış üçün 18 milyondan çox yeni mal yerləşdirilib. Bu rəqəm artmaqda davam edir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.