Yeni qurğu orqanları bir toxunuşla müalicə edir

08 Avqust 2017 - 09:40 | Maraqlı məlumatlar
Yeni qurğu orqanları bir toxunuşla müalicə edir

Amerika tədqiqatçıları pasiyentin bədənində sinir lifləri və qan damarlarından bütöv orqanlara qədər hüceyrələrin istənilən növünü yaratmağa imkan verən “Tissue Nanotransfection” (TNT) adlı yeni texnologiyanı təqdim ediblər.

nanonewsnet.ru saytının məlumatına görə, Ohayo Dövlət Universitetinin alimləri əzaları zədələnmiş siçan və donuzlar üzərində təcrübələr aparıblar. Sınaq zamanı dəri hüceyrələri damar hüceyrələrinin funksiyasını yerinə yetirsin deyə, onlar yenidən proqramlaşdırılıb. İki həftə davam edən sınağın sonunda heyvanların əzalarında olan qan damarları düzgün fəaliyyət göstərməyə başlayıb.

Tədqiqat müəlliflərindən biri olan Çandan Sen bildirib ki, dəri bütün toxuma və orqanlar üçün elementlər mənbəyi ola bilər. Hüceyrələrin çevrilməsi prosesi cəmi bir saniyəyə baş verir. TNT iki komponentli texnologiyadan ibarətdir. Bioloji “konverter” dəri hüceyrəsindən istənilən digər hüceyrəni yaradır, sonra o, nanoçipin köməyilə orqanizmə çatdırılır. Qurğu hüceyrələrin çevrilməsi prosesini 98 faiz müvəffəqiyyətlə həyata keçirib.

Prosedur qeyri-invazivdir və texnologiya hər hansı laboratoriya proseduru tələb etmir. Yeni hüceyrələr pasiyent tərəfindən hiss olunmayan zəif elektrik enerjisi sayəsində tətbiq edilir. Alimlər 2018-ci ildə texnologiyanı insanlar üzərində sınaqdan keçirməyi planlaşdırırlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.