Amerikanın ödəmə prosessoru “Payscout” virtual reallıqda fiziki malları “Google Cardboard” vasitəsilə ödəməyə imkan verən proqramı istifadəyə verib.
“Payscout VR Commerce” istifadəçilərə ödəmə məlumatlarını elektron pul kisəsində qeydə almağa imkan verən “Visa Checkout” xidməti ilə inteqrasiyanı dəstəkləyir.
“Payscout”un baş direktoru Klivlend Braun bunu ödənişlərdə və virtual reallıqda dönüş nöqtəsi kimi qiymətləndirib: “Biz virtual reallıqda ödənişlərin simulyatorları və prototiplərini görmüşük, lakin bu, virtual reallıqda əsl ticarətin ilk nümunəsidir”.
psm7.com saytının məlumatına görə, Kopenhagendə keçirilən “Money20/20” konfransında proqramın təqdimatında iştirak edənlər Kaliforniyanın “Body Language Sportswear” İnternet-mağazasında maraqlı alış-veriş turunu nümayiş etdirən “Google Cardboard” qarnitürlərini əldə ediblər. İstehlakçılar virtual mağazada predmetlərin ölçüsünü böyüdərək və onların ən xırda təfərrüatlarını öyrənərək mallara interaktiv rejimdə baxa bilərlər.
“Google Cardboard” üçün “Payscout VR Commerce” proqramı artıq “Google Play Store”da əlçatandır. Tezliklə texnologiya iOS və əlavə VR-platformalara da uyğunlaşdırılacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.