AMEA İnformasiya Texnologiyaları İnstitutunun 3 saylı şöbəsinin 2017-ci il üzrə 6 aylıq hesabatı müzakirə olundu. Hesabatı tədim edən şöbə müdiri Təhmasib Fətəliyev yarım il ərzində görülmüş işlərin nəticələri haqqında məlumat verdi. Qeyd etdi ki, şöbədə institutun əsas elmi istiqaməti çərçivəsində e-elmin formalaşdırılması problemləri üzrə tədqiqatlar aparılmış, e-elmin müasir elmi-nəzəri problemləri ilə bağlı araşdırmalar davam etdirilmişdir. Həmçinin e-elmin formalaşması və inkişafını xarakterizə edən indikatorların analizi aparılmışdır.
T.Fətəliyevin sözlərinə görə, beynəlxalq səviyyədə qabaqcıl e-elm layihələri araşdırılmış və EGI – Avropa qrid infrastrukturu timsalında açıq proqram vasitələri əsasında e-elmin səmərəli inkişafı məsələlərinə baxılmışdır. Vətəndaş elminin inkişafının spesifik xüsusiyyətləri, müasir texnologiyaların və sosial media vasitələrinin ona təsir mexanizmləri təhlil olunmuş və həyata keçirilməsində açıq kodlu proqram vasitələrindən istifadə imkanları göstərilmişdir.
Şöbədə, həmçinin e-elmin təhlükəsizliyinin təmin edilməsi məsələləri araşdırılmış, onun səmərəli, fasiləsiz və etibarlı fəaliyyətinə dəstək olan e-texniki xidmət sisteminin yaradılması üçün müvafiq təkliflər işlənmişdir. Böyük həcmli elmi verilənlərin toplanması, saxlanması və intellektual emalı üçün Verilənlər haqqında elmin (Data science) perspektiv məsələləri öyrənilmişdir.
Şöbənin elmi-tədqiqat fəaliyyətinin nəticələri barədə məlumat verən məruzəçi bir sıra məqalələrin çap edildiyini və elmi konfranslarda müzakirə olunduğunu diqqətə çatdırdı.
O, elmi-innovasiya fəaliyyəti çərcivəsində planlaşdırılmış işlər barədə də məlumat verərək bu istiqamətdə AR Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyələşdirdiyi qrant layihəsi üzrə tədqiqatların aparıldığını söylədi.
Hesabat ətrafında geniş fikir mübadiləsi aparıldı, rəy və təkliflər səsləndirildi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.