İnsanlar gündə 4 saat işləyəcəklər

22 İyun 2017 - 16:17 | Maraqlı məlumatlar
İnsanlar gündə 4 saat işləyəcəklər

Çinin ən böyük İnternet şirkəti – “Alibaba Group”un rəhbəri Cek Ma bildirib ki, 30 il sonra insanlar həftədə 4 gün, gündə 4 saat işləyəcəklər. Süni intellektin inkişafı insanlara daha çox səyahət etməyə və daha az işləməyə imkan verəcək.

ria.ru saytının məlumatına görə, əsl peşəsi müəllim olan Cek Ma qeyd edib ki, dünya liderləri diqqəti təhsil sisteminə yönəltməlidir ki, avtomatlaşdırılmanın tətbiqi fəsadsız olsun. “Mən insanlara bənzəyən maşınlar yaratmalı olduğumuzu düşünmürəm. Biz əmin olmalıyıq ki, maşınlar insanların edə bilmədiklərini edə bilər. Maşınlar heç vaxt insanlarda olan müdriklik və təcrübəni əldə edə bilməyəcəklər”, – deyə şirkətin rəhbəri bildirib.

Onun sözlərinə görə, “Apple”, “Alphabet” və “Amazon” kimi böyük ictimai şirkətlər o qədər üstünlük əldə ediblər ki, bəziləri onları inhisarçı hesab edirlər. Lakin nəhəng şirkətlərin uğurları tezliklə azala bilər, çünki artıq kiçik müəssisələr də İnternetə çıxış əldə edirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.