Neyroşəbəkə itmiş insanları tapacaq

19 İyun 2017 - 15:54 | Texnoloji yeniliklər
Neyroşəbəkə itmiş insanları tapacaq

Hazırda itmiş şəxslərin axtarışı ilə polis və sosial xidmətlər məşğul olur. Lakin tezliklə maşınlar mürəkkəb alqoritmlərin köməyilə, hətta bir neçə il əvvəl itmiş insanları tapmaqda yardım edəcək.

nanonewsnet.ru saytının məlumatına görə, yeni neyroşəbəkə insan sifətinin dodaqlar, alın, yanaqların forması və s. kimi xüsusiyyətlərini müqayisə edir. Sistem əldə olunmuş məlumatlara əsasən, insanın zamanla necə dəyişə biləcəyini təhlil etməyə başlayır. Bundan əlavə, proqram, hətta qohumların xarici görünüşünə dair məlumatları, qocalma prosesinin fərdi əlamətlərini və digər xüsusiyyətləri nəzərə alır ki, bu da onu bütün mövcud analoqlarından fərqləndirir.

Tədqiqatçılar bildiriblər ki, yeni alqoritmi cinayətkarların axtarışı üçün də istifadə etmək mümkündür. Onlar nümunə kimi 1991-ci ildə Yunanıstanın Kos adasında itmiş 21 aylıq körpə Ben Nidhemin fotosundan istifadə ediblər. Ben tapılmasa da, sistem onun 20 il sonra necə görünə biləcəyi haqda təxmini təsəvvür yarada bilib.

“Biz sistemdə yüz minlərlə şəxsin sifətinin onların müvafiq yaşlarını göstərən təsvirlərini yerləşdiririk. Bundan sonra insanın qocalma prosesini görən neyroşəbəkə təsvirləri yaşa görə yaradır. Bu, olduqca sürətli üsuldur. Hazırda bütün mövcud alqoritmlər xətti və ya birölçülü metodlardan istifadə edir. Bizim neyroşəbəkənin xətti olmaması onu hər bir konkret insan üçün daha uyğun edir”, – deyə layihə müəlliflərindən biri Əli Mayna Buxar bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.