Virtual relslər üzərində hərəkət edən “qatarlar”

16 İyun 2017 - 17:00 | Maraqlı məlumatlar
Virtual relslər üzərində hərəkət edən “qatarlar”

Çinin “CRRC” şirkətinin mütəxəssisləri relslərə ehtiyac duymayan şəhər qatarları istehsal ediblər. Elektrik nəqliyyatının bu növü adi asfalt döşənmiş yollar üzərində hərəkət etmək imkanına malikdir. O, xüsusi tənzimləyicilərin köməyilə yalnız müəyyən yolu izləyərək virtual relslər üzərində hərəkət edə bilir.

dailytechinfo.org saytının məlumatına görə, ART (Autonomous Rail Rapid Transit) qatarının hər vaqonu 9 metr uzunluğa malikdir. Üç vaqonlu qatar bir dəfəyə 300 sərnişinə qədər daşımağa qadirdir. Qatarda vaqonların sayının çoxaldılması sərnişinlərin sayını 500-ə qədər artırmağa imkan verəcək. Onun maksimal surəti saatda 70 km təşkil edir.  Akkumulyator batareyalarının bir dəfə yüklənməsi 40 km yol hərəkət etmək üçün kifayət edir.

Hələlik qatarın avtomatik idarə etmə sistemləri, toqquşmaların qarşısının alınması sistemi və s. haqqında məlumat verilmir.

Bununla yanaşı, qatarda insan-sürücü üçün kabinə də mövcuddur. Ona görə də hazırda qatarın avtonomluq səviyyəsi haqqında fərziyyə irəli sürmək çətindir.

“CRRC” şirkətinin planlarına əsasən, ART qatarının növbəti ildə 6,5 kilometr məsafəni əhatə edən ilk eksperimental sınaqları aparılacaq.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.